Ümumdünya və Avropa Karate Federasiyasının prezidenti: “Azərbaycanda karate çox yüksək səviyyədə inkişaf edib”
21.03.2008 - 14:18
Ümumdünya və Avropa Karate Federasiyasının prezidenti: “Azərbaycanda karate çox yüksək səviyyədə inkişaf edib”
Ölkənizə ikinci səfərimdən çox məmnunam. Mənə növbəti dəvəti göndərən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova, səfərimlə yanaşı, Bakıda “Prezident Kuboku” adlı beynəlxalq turnirin təşkil edilməsinə böyük dəstək göstərən Azərbaycan Beynəlxalq Bankına öz dərin təşəkkürümü bildirirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Ümumdünya və Avropa Karate Federasiyasının Prezidenti Antonio Espinos bu gün keçirdiyi mətbuat konfransında bildirib. Azərbaycana ilk dəfə 2003-cü ildə səfər edən federasiya rəhbəri son 5 ildə karatenin inkişaf etdiyini söyləyib. Karatenin Olimpiya idman növü kimi Olimpiada proqramına daxil olunması məsələsinə toxunan qonaq bunun reallaşacağına böyük inam ifadə edib: “Karatenin Olimpiya idman növü sayılmaması, Olimpiadanın proqramına daxil edilməməsi ədalətsizlikdir. Beynəlxalq Olimpiya Komitəsinin 2005-ci ildə Sinqapurda keçirilən konfransında səs çoxluğu qazana bilmədiyimiz üçün buna nail ola bilmədik. 2009-cu ilin oktyabrında Kopenhagendə keçiriləcək növbəti konfransda istəyimizə çatacağımıza inanıram”. Media nümayəndələri ilə görüşdə iştirak edən Yaşar Bəşirov isə BOK-un sabiq prezidenti Xuan Antonio Samarançın karatenin gələcəkdə Olimpiadaya daxil olması edilməsi ilə bağlı hələ 1999-cu ildə sərəncam imzaladığını deyib. O həmçinin bildirib ki, 2012-ci ildə Azərbaycanda karate üzrə Avropa, bundan iki il sonra böyüklər arasında dünya çempionatının keçirilməsi nəzərdə tutulub.
0