Elnur Amanov: “Qarşıma çıxası ciddi rəqib yoxdur”
15.04.2008 - 18:37
Elnur Amanov: “Qarşıma çıxası ciddi rəqib yoxdur”
Bakı. Elşən Məmmədov - APA-Sport. “2004 və 2005-ci il Avropa çempionatlarında ikinci yeri tutmuşdum. Bu dəfə isə 31 yaşımda qitə birinciliyində hamıdan güclü oldum. Deməli, idmanda hər şey mümkündür”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Elnur Amanov deyib. 58 kq çəkidə çıxış edən idmançımızın sözlərinə görə, keçirdiyi 5 görüş arasında ən çətini yarımfinalda böyük britaniyalı Tayron Robinson və finalda almaniyalı Boris Vinklerə qarşı olub: “Hər iki taekvondoçu artıq Pekin Olimpiadasına lisenziya qazanıb. Buna baxmayaraq, mən təcrübəmdən yararlanaraq, onları minimal hesabla yenməyi bacardım”. E.Amanov hələlik karyerasını bitirmək haqda düşünmədiyini bildirib. Onun fikrincə, ölkədaxili yarışlarda çıxış etdiyi çəkidə hələlik ciddi rəqabətlə üzləşməyib: “Son Azərbaycan çempionatında beş döyüş keçirdim və hamısında qələbə qazandım. Hələlik qarşıma çıxası rəqib yoxdur. Əgər mənimlə bərabər rəqabət aparan idmançıların olduğunu hiss etsəm, yerimi onlara verəcəyəm”.
0