Ələkbər İmaməliyev: “Niyaməddin Paşayev və Təvəkkül Bayramov Avropa çempionatında etimadı doğrultmadılar”
16.04.2008 - 10:44
Bakı. Elşən Məmmədov - APA-Sport. “Qitə birinciliyində beş idmançıdan medal gözləyirdim. Amma onlardan yalnız ikisi uğurla çıxış etdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın taekvondo üzrə milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev deyib. Onun sözlərinə görə, Niyaməddin Paşayev (72 kq), Təvəkkül Bayramov (84 kq) və Şəhrun Yusifova (47 kq) İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında etimadı doğrultmayıblar: “Əvvəllər Paşayev dünya çempionu, Bayramov dünya ikincisi, Yusifova isə qitə ikincisi olublar. Amma Romada imkanlarından aşağı səviyyədə çıxış etdilər. Mən də onlara göstərdikləri nəticələrdən narazılığımı bildirdim”. Son qitə birinciliyində ilk dəfə olaraq döyüşlərə qoruyucu jiletlərlə çıxdıqlarını bildirən Ə.İmaməliyev tətbiq edilən yeniliyin taekvondoçularımıza müəyyən problemlər yaratdığını vurğulayıb. Baş məşqçi yarış öncəsi təlim-məşq toplantısında iki həftə ərzində qoruyucu jiletlərlə hazırlıq keçdiklərini bildirib: “Qoruyucu jiletlərlə xal almaq çətindir. Amma bununla hansısa idmançımızın zəif nəticə göstərməsinə haqq qazandırmaq niyyətində deyiləm. Qoruyucu jileti hamı geyir. Qələbəni isə daha hazırlıqlı idmançı qazanır”.
Qeyd edək ki, Avropa çempionatında Elnur Amanov (58 kq) qızıl, İlkin Şahbazov (67 kq) isə gümüş medal qazanıb.
Qeyd edək ki, Avropa çempionatında Elnur Amanov (58 kq) qızıl, İlkin Şahbazov (67 kq) isə gümüş medal qazanıb.
0
0