Milli Olimpiya Komitəsinin vitse-prezidenti: “Otüstü hokkey, güləş, atletika və atçılıq növlərindən lisenziya gözləyirik”
16.04.2008 - 16:29
Milli Olimpiya Komitəsinin vitse-prezidenti: “Otüstü hokkey, güləş, atletika və atçılıq növlərindən lisenziya gözləyirik”
Bakı. Elşən Məmmədov-APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına qatılacaq bütün ölkələrin idmançılarının yekun sayı iyunun 26-da açıqlanacaq. Bu haqda “APA-Sport” agentliyinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, əvvəlcədən Pekin Olimpiadasında 40 idmançı ilə təmsil olunmaq planlaşdırılıb. Hələlik 34 idmançı bu hüquqa yiyələnib: “Əgər boksçularımız normal çıxış etsəydilər, biz planı artıqlaması ilə yerinə yetirmiş olacaqdıq”. Ç.Hüseynzadə otüstü hokkey, güləş, atletika və atçılıq növlərində lisenziya gözlədiklərini açıqlayıb: “Hələ sərbəst, yunan-Roma və qadın güləşində lisenziya yarışları bitməyib. Atletika üzrə turnirlər yayda başlanacaq. Atçılıq növündə də Pekinə vəsiqə əldə etmək şansımız qalır”. MOK rəsmisi bəzi növlərdə də dəvətlər gözlədiklərini vurğulayıb. O, bildirib ki, ayrı-ayrı beynəlxalq federasiyalar nəzərdə tutulan son tarixədək müxtəlif ölkələrin idmançılarına xüsusi dəvətlər göndərə bilərlər: “Məsələn, biz Beynəlxalq Qılıncoynatma Federasiyasına müraciət etmişik. Bundan başqa lisenziyanın konkret şəxsə verildiyi növlərdə idmançı hər hansı səbəbdən Olimpiadaya gedə bilmirsə, müvafiq beynəlxalq federasiya kimə istəsə, dəvət göndərə bilər. Belə ehtimallar az da olsa, var. Amma mən reallaşacağına inanmıram”.
0