2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin qalacağı zona müəyyənləşib
16.04.2008 - 17:26
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin qalacağı zona müəyyənləşib
Pekin. Elşən Məmmədov-APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin qalacağı zona müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, yer seçilərkən, nəqliyyat vasitələri dayanacaqlarına və yeməkxanalara qədər məsafənin yaxınlığı nəzərə alınıb: “Prinsipcə, təcrübə göstərir ki, dördbucaq formasında olan Olimpiya şəhərciyinin harasında yaşamağın heç bir əhəmiyyəti yoxdur. Çünki şəhərcikdəki bütün binalar eyni infrastruktura malikdir. Amma bizi maraqlandıran məsələ yerləşəcəyimiz məkanın nəqliyyat vasitələri dayanacaqlarına və yeməkxanalara yaxın olması idi. Bu baxımdan, biz optimal məkan seçmişik”. Ç.Hüseynzadə bildirib ki, nümayəndə heyətimizin həmin məkanda qalıb-qalmayacağı böyük tərkibə malik ölkələrin yerləşməsindən asılıdır. Belə ki, hər bir binada 200 və ya 300 nəfərin qalması nəzərdə tutulub: “İlk növbədə, tərkibi 200 və ya 300 nəfərədək olan ölkələr yerləşdirilməlidirlər. Çünki onları ayrı-ayrı binalara paylaşdırmaq mümkün deyil. Burada bütün komandaların sayının əhəmiyyəti var”. MOK rəsmisi, istənilən halda, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin eyni binada yerləşdirilməyəcəyini vurğulayıb: “Təşkilatçılar anlayırlar ki, Azərbaycan və Ermənistan nümayəndələri eyni binada yerləşdirilə bilməz. Ümumiyyətlə, bu qayda aralarında siyasi konflikt olan bütün ölkələrin təmsilçilərinə şamil olunacaq”.
0