Çingiz Hüseynzadə: “Dünya və Avropa çempionatları İrəvanda keçirilsə, biz də iştirak edəcəyik”
16.04.2008 - 17:59
Çingiz Hüseynzadə: “Dünya və Avropa çempionatları İrəvanda keçirilsə, biz də iştirak edəcəyik”
Ç.Hüseynzadə fikirlərini əsaslandırmaq üçün Çin və Tibet arasındakı konfliktin 2008-ci il Olimpiadasının Pekində təşkilinə mane olmamasını göstərib: “Pekində başa çatan Milli Olimpiya Komitələri Assosiasiyasının iclasında 205 ölkənin nümayəndə heyəti Tibet hadisələrinə baxmayaraq, Pekin Olimpiadasında təmsil olunacaqlarını açıqladılar. Bu isə bir daha göstərir ki, Olimpiya hərəkatı heç bir siyasi məsələlərə qarışmamalıdır”. MOK rəsmisi bildirib ki, 2016-cı il Olimpiadası Bakıda təşkil olunsa, Ermənistan idmançılarının yarışda iştirakında heç bir problem olmayacaq: “Olimpiya Oyunları paytaxtımızda keçirilsə, Ermənistan idmançıları da yarışa qatıla bilərlər. Eynilə Olimpiada İrəvanda keçirilsə, biz də gedib iştirak edəcəyik. Əlbəttə, əgər keçirilsə. Yəni, idmanı siyasətə qarışdırmaq lazım deyil”. Ç.Hüseynzadə Ermənistanda keçiriləcək Olimpiya lisenziyalı dünya və Avropa çempionatlarına da Azərbaycan idmançılarının qatılacaqlarını açıqlayıb: “Ermənilər Bakıda keçirilən güləş üzrə dünya çempionatına niyə gəldilər? Çünki Olimpiya lisenziyalı yarış idi. Başqa turnir olsaydı, gəlməzdilər. Yarış bir məkanda keçirilirsə və bütün dünya yığışırsa, təşkilatçılarla konfliktdə olan ölkənin kənarda qalması mümkün deyil”.


0