Ağayar Axundzadə: “Bəzi vəzifəli şəxslər tanışlarını milli komandaya salmaq üçün bizə təzyiq göstərirlər”
17.04.2008 - 11:02
Ağayar Axundzadə: “Bəzi vəzifəli şəxslər tanışlarını milli komandaya salmaq üçün bizə təzyiq göstərirlər”
- Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş Avropa çempionatında yığma üzvlərinin çıxışını necə qiymətləndirirsiniz?
- Öncə Ramil Qasımov haqqında danışmaq istəyirəm. Ona böyük ümidimiz var idi. Rusiya təmsilçisinə əvvəllər məğlub olan Ramil qitə birinciliyində yenə ona uduzdu. Bu, şəxsən mənim özümə pis təsir göstərdi. Ramil yekunda 7-ci yeri tutaraq, ötən ilki nəticəni təkrarladı. 73 kq çəki dərəcəsində mübarizə aparan Elnur Məmmədli təcrübəli Daniel Fernandeslə bacarmadı. Halbuki, rəqibin sonadək güləşdiyini ona demişdim. Hər şey qaydasında gedirdi. Elnur görüşün başa çatmasına 30 saniyə qalmış hesabda öndə idi. Qalan vaxt ərzində hətta iki şido alıb qələbə qazanmaq olardı. Lakin o, səhv buraxdığından ippon fəndinə düşdü. Mehman Əzizovun yenə polşalı Robert Kravçikə uduzması məyusedici oldu. O, Afina olimpiadasında da Polşa təmsilçinə yenildiyi üçün mübarizəni erkən dayandırmışdı. Kravçikin solaxay güləşməsi Əzizovla görüşdə əsas üstünlüyü idi. Polşalı zədələndiyindən ikinci görüşə çıxa bilmədi və nəticədə Mehman təsəlliverici mərhələyə qatılmaq şansını itirdi. Mövlud Mirəliyev yerli cüdoçu ilə mübarizənin son saniyələrində xəbərdarlıq alaraq, məğlubiyyətlə barışdı. Burada hakimlərin portuqaliyalıya simpatiya göstərdiklərini də nəzərə almaq lazımdır. Çəkisini 57 kq-dan 63 kq-a dəyişmiş Ramilə Usubovanın lisenziya xalı az idi. O, təsəlliverici mərhələdə yenilərək, çempionatı erkən tərk etdi. Elxan Məmmədov və Kifayət Qasımovaya gəlincə, bildiyiniz kimi, onlar gümüş və bürünc medala layiq görüldülər.
- İndiyədək dünya və qitə çempionatlarında fəxri kürsüyə yüksələ bilməyən Elxan Məmmədovun nəticəsi sizin üçün sürpriz olmadı ki?
- Məmmədovun son bir ildə göstərdiyi nəticəyə fikir versək görərik ki, onun uğuru qanunauyğun oldu. O, turnirlərdə də özünü yaxşı tərəfdən göstərirdi. Axır vaxtlar iki olimpiya çempionuna qalib gəlib. Avropa çempionatının yarımfinalında isə gürcüstanlı dünya çempionu İrakli Tsirekidzeni üstələməklə sensasiyaya imza atdı. Tserikidze həddən artıq ustalıqla güləşir, hiyləgər fəndlər işlədir. Biz əks fəndləri Elxana öyrətdik, lazımi məsləhətləri verdik. Bəlkə Məmmədov finalda da qalib gələ bilərdi. Mənə elə gəlir ki, arxayınçılıq ucbatından qızıl medal qazana bilmədi.
- Mövlud Mirəliyevin portuqaliyalı cüdoçu ilə görüşü zamanı hakimlər mübahisəli qərarlar qəbul etdilər. Bununla bağlı şikayət etmək mümkün idi?
- Həmin epizodda Mövluda şido verməmək də olardı. Gərək Mirəliyev o vaxt səhv buraxmayaydı. Təəssüf ki, onunla yanaşı, son saniyələrdə Elnur Məmmədli və Kifayət Qasımova da qələbədən məhrum oldular.
- Cüdoçularımız Yay Olimpiya Oyunlarına rekord sayda lisenziya qazanıblar. Pekin olimpiadasına 6 idmançının vəsiqə əldə edəcəyini gözləyirdinizmi?
- Yeni rekord müəyyənləşdirmək mənim üçün gözlənilməz olmadı. Ən əsası odur ki, lisenziyalara yerli cüdoçuların sayəsində sahib çıxdıq. Hərçənd, bir sıra xarici ölkələrin təmsilçiləri yığmamızın şərəfini qorumaq istəyirdilər.
- Məsələn, hansı ölkələrdən təkliflər var idi?
- Konkret Rusiyadan ağır çəkili cüdoçular milli komandamızda çıxış etmək istəyirdilər. Rusiyada rəqabət güclüdür, hər çəkidə əsas heyətə 6-7 namizəd var. Ona görə də yığmadan kənarda qalanlar Azərbaycanın adından güləşmək niyyətində idilər. Təbii ki, biz belə təkliflərdən imtina etdik. Onu da qeyd edim ki, Nicat Şıxəlizadə dopinq-testdə ilişməsəydi, lisenziyaların sayı 7-yə çatacaqdı.
- Lisenziyaların sayındakı artımı nə ilə əlaqələndirmək olar?
- Bugünkü uğurlar ehtiyat qüvvənin yetişməsindən irəli gəlir. İstər Kifayət, istər Ramilə, istərsə də Elxan Məmmədov vaxtilə yeniyetmələr və gənclər arasında nəticə göstəriblər. Eyni nailiyyəti böyüklər arasında da təkrarlayırlar. Bəzən deyirlər ki, yeniyetmələr hansısa beynəlxalq yarışa getməsinlər. Amma belə turnirlərə yollanmaq labüddür. Biz diqqətimizi Pekin olimpiadasına yönəltdiyimiz halda, başqa ölkələr 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına hazırlaşırlar. Avropa çempionatı zamanı gürcülərlə, türklərlə ünsiyyətdə olduq. Onlarda yeniyetmələrə indidən maliyyə vəsaiti ayrılıb, hazırlıq prosesinə start verilib. Ancaq bizdə iki il qalmış başlayacaqlar hazırlığa. O vaxta qədər bəziləri yığmadan gedəcək, bəziləri fiziki cəhətdən zəifləyəcək. Ona görə də hazırlıq planının hazırlanması vacibdir. Növbəti olimpiadaya iki il qalmış yox, bu gündən hazırlıq başlanmalıdır. Mən özümdən “Amerika açmıram”, bu, normal haldır. Düzdür, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin və Cüdo Federasiyasının rəhbərliyi yarışlarda iştirakımızı təmin edib. Fürsətdən istifadə edərək onlara minnətdarlığımı bildirirəm.
- Bundan sonra Pekin olimpiadasına necə hazırlaşacaqsınız?
- Aprelin 19-da Rusiyanın Kislovodsk şəhərinə yollanacağıq. Orada cüdoçular sırf müalicə kursları alacaqlar. Daha sonra Gəncə və ya Qubada təlim-məşq toplanışı olacaq . İyunun 1-dən etibarən Fransanın paytaxtı Parisdə beynəlxalq təlim-məşqə qatılacağıq. Ayın 12-dək davam edəcək toplanışda Fransa, Braziliya, Yaponiya yığmaları da olacaq və texniki-taktiki hazırlığa üstünlük veriləcək. Həmçinin, rəqiblərin gücünü öyrənmək imkanımız yaranacaq. Fransadan qayıtdıqdan sonra yenə Kislovodska yollanaraq, fiziki planda məşqlər keçəcəyik. Bu hazırlıq proqramında dəyişikliklər ediləcəyi də istisna deyil.
- Kifayət Qasımovanın təlim-məşqlərdə sparrinq-rəqibi yoxdur. Bu çatışmazlığı necə aradan götürmək istəyirsiniz?
- Həqiqətən də, Kifayət məşqlərdə rəqibsiz qalıb. O, Avropa çempionatı ərəfəsində Nicat Şıxəlizadə ilə güləşərkən çiynindən ciddi zədə almışdı. Qızların hazırlıq planında dəyişiklik olacaq. Kislovodska bərabər gedəcəyik. Amma ardından Kifayətlə yanaşı, bir neçə qız Sloveniyada təşkil olunan təlim-məşqə qatılacaq.
- Cüdoda lisenziya konkret idmançıya deyil, ölkəyə verilir. Demək olarmı ki, Pekin olimpiadasında mübarizə aparacaq heyət artıq müəyyənləşib?
- Belə şərt kəsmişdik ki, hansı cüdoçu reytinq cədvəlində yüksək pillədə qərarlaşacaqsa, o da Pekinə gedəcək. Allah eləməsin, yalnız zədə üzündən heyətdə dəyişiklik edilə bilər. Bu şərtə baxmayaraq, bəzi vəzifəli şəxslər bizə təzyiqlər göstərirlər, bizi başa düşmürlər. Kiminsə yanında yaxşı olmaq üçün öz tanışlarını heyətə salmaq istəyirlər. Ancaq biz əqidəmizdən dönən deyilik. Əqidəmizi dəyişəniksə, gərək küçələrdə qalaq. Adlarını çəkmək istəmədiyim vəzifəli şəxslər təzyiqlər etsələr də, bizim öz prinsipimiz var. Əlbəttə, bu böyük səhvdir. Ola bilsin ki, həmin adamların peşəkarlığı yoxdur. Peşəkarlarla işləmişik də. Çağırıb deyirdilər ki, “Ağayar müəllim bu işi bilir, ona inanırıq”. Vəssalam! Ancaq bəziləri bildirir ki, bəlkə güləşdirəsiniz, axtarasınız. Niyə güləşdirməliyik, əlavə vaxt itirməliyik?
- Yığmada ən mübahisəli məsələ 81 kq-la bağlı yaranıb. Lisenziyanı Mehman Əzizov qazansa da, Elxan Rəcəbli də olimpiadaya getməyə iddialıdır. Seçimi necə edəcəksiniz, Pekində Əzizov, yoxsa Rəcəbli mübarizə aparacaq?
- Qəti qərarımızı vermişik. Amma Elxan Rəcəbli federasiyaya, nazirliyə, bir sözlə hər yerə şikayət edib. Düzü, Avropa çempionatına getməmişdən öncə vəziyyət çox gərgin idi. Orada onu başa salırdıq, burada bunu başa salırdıq. Özü də bununla əlaqədar qərarı gizli çıxarmamışıq. Çexiyada keçirilmiş Dünya Kubokundan öncə məşqçilər heyətini və cüdoçuları bir yerə toplayaraq onlara şərtlərimizi çatdırdıq. Bildirdik ki, Dünya Kubokunun nəticəsinə görə, kim reytinq cədvəlində üstün pillədə qərarlaşsa, Avropa çempionatına da o gedəcək. Praqada Mehman 3, Elxan isə 1 görüşdə qalib gəldi. Beləliklə, Əzizov reytinqdə Rəcəblini üstələdi. Mən o vaxt haqsızlıq edərdim ki, Elxan reytinqdə irəlidə ola-ola, Mehmanı yarışa aparardım.
- Pekin olimpiadasında cüdoçularımızın real gücü nəyə qadirdir? Nəhayət, Yay Olimpiya Oyunlarında tilsimi qıra biləcəyikmi?
- Bundan əvvəlki olimpiadalarda bəxtsizlikdən və ya hakimlərin ədalətsizliyindən cüdoçularımız medal qazana bilməyiblər. Biz Pekində özümüzü göstərmək, tilsimi qırmaq niyyətindəyik. Həm də nəzərə almaq lazımdır ki, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə borcumuz var. Olimpiadalarda prezident özü şəxsən cüdoçuların çıxışını izləyirdi. Çalışacağıq ki, Pekində medal qazanaraq, etimadları doğruldaq.
0