Rusiyada keçiriləcək beynəlxalq turnirdə Azərbaycanı 16 cüdoçu təmsil edəcək
18.04.2008 - 11:46
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Sankt-Peterburq şəhərində gənc oğlan və qızlar arasında keçiriləcək cüdo üzrə beynəlxalq turnirə qatılacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 16 idmançı qoruyacaq. Belə ki, oğlanların mübarizəsində Elsevər Sadıqzadə, İlqar Müşkiyev (hər iki 55 kq), Samir Dadaşzadə, Mirzə Əsgərov (hər ikisi 60 kq), Sərxan Əhmədov, Orxan Dünyamalıyev (hər ikisi 66 kq), Fuad Həbibzadə, Paşa Nəbizadə (hər ikisi 73 kq), Rüstəm Alimli, Sain Məmmədov (hər ikisi 81 kq), Elmar Qasımov (90 kq), Həsən Əhmədov (100 kq), Sarvan Əmiraslanov və Fərid Babayev (hər ikisi +100 kq) çıxış edəcək. Bundan başqa, turnirdə iki xanım cüdoçumuz Seyidi Turanə (52 kq) və Rəqiyyə Qarayeva (70 kq) güləşəcək. Baş məşqçi Fərhad Məmmədovun rəhbərlik etdiyi kollektiv aprelin 25-də Sankt-Peterburqa yollanacaq. Aprelin 26-27-də baş tutacaq yarışın ardından cüdoçularımız 3 günlük təlim-məşq toplanışında iştirak edəcəklər.
0
0