Faiq Həsənov: “Azərbaycan şahmatçıları Qran-Pri turnirində qarşılarına qoyduqları məqsədə nail olacaqlar”
18.04.2008 - 12:07
Faiq Həsənov: “Azərbaycan şahmatçıları Qran-Pri turnirində qarşılarına qoyduqları məqsədə nail olacaqlar”
Bakı. Kənan Həsənov – APA-Sport. “Qran-Pri turnirinin hər mərhələsinin mükafat fondu 162000 avrodur. Bundan başqa, təşkilatçı ölkələr FİDE-nin hesabında 50000 min avro köçürməlidir. Hər mərhələnin qalibi isə 30000 avro qazanacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov söyləyib. Aprelin 21-də Bakıda start götürəcək Qran-Pri turnirinin baş hakimi olan F.Həsənov şahmatçılarımızın hazırlığına da toxunub: “Yarışa qatılacaq hər üç təmsilçimiz bir müddət əvvəl Rusiyanın klublararası çempionatında iştirak ediblər. Mən bu yarışı Qran-Pri turnirinə hazırlıq kimi dəyərləndirirəm. Fikrimcə, şahmatçılarımız qarşılarına qoyduqları məqsədə nail olacaqlar”. Federasiya rəsmisi Qran-Pri turnirinin favoritlərinin adlarını da açıqlayıb: “Digər idman növləri ilə müqayisədə şahmatda proqnoz vermək daha çətindir. Amma mənə elə gəlir bu yarışın favoritləri Maqnus Karlsen, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Pyotr Svidler və Aleksandr Qrişukdur. Digər iştirakçılardan da sürpriz gözləməyə dəyər”. F.Həsənov milli komandanın üzvü Ş.Məmmədyarovun sponsor problemi ilə üzləşməsi haqda açıqlamasına da münasibət bildirib: “Şəhriyar federasiya və AGİN tərəfindən maliyyələşdirilir. Yəni, onun beynəlxalq turnirlərdə xərclərini üzərimizə götürürük”. Turnirin baş hakimi Bakıya rəsmi qonaqların və jurnalistlərin gələcəyini də vurğulayıb: “FİDE prezidenti Kirsan İlyumjinov başda olmaqla, qurumun bir neçə nümayəndəsi açılış mərasimində iştirak edəcək. Əcnəbi jurnalistlərin gələcəyi də dəqiqləşib. Yarışı Bakıda Rusiya, İspaniya, İngiltərə və Hollandiyadan olan KİV təmsilçiləri işıqlandıracaq”.
0