Ermənistan idmançısını məğlub edən Azərbaycan güləşçisi Pekin olimpiadasında iştirak hüququna yiyələnib
20.04.2008 - 11:55
Ermənistan idmançısını məğlub edən Azərbaycan güləşçisi Pekin olimpiadasında iştirak hüququna yiyələnib
“APA-Sport” agentliyinin məlumatına görə, yarışın ikinci günü Azərbaycan idmançıları üçün uğurlu alınıb. Döşək üzərinə çıxan Zəlimxan Hüseynov (60 kq), Novruz Temrezov (84 kq) və Xetaq Qazyumov (96 kq) həm medal, həm də lisenziya qazanıblar. Ardıcıl dörd qələbə qazanan Z. Hüseynov yalnız final görüşündə məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər iki pəhləvanımız isə dövlət himnimizi də səsləndirməyə nail olublar. Turnirə Hyun-Ya Nor (Koreya) üzərində qələbə ilə başlayan N. Temrezov daha sonra Arpad Ritter (Macarıstan), Roerlandi Herrera (Kuba), Gennadi Laliyev (Qazaxıstan) və Çaqnaador Qanroriqi (Monğolustan) üstələyib. X. Qazyumov da yarışdakı bütün rəqiblərinə qalib gəlib. Onun ən parlaq qələbəsi isə yarımfinalda ermənistanlı Şamil Sitinovla görüşə təsadüf edib. Məhz Ermənistan nümayəndəsini mübarizədən kənarlaşdıran X. Qazyumov finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə moldovalı Nikolay Çebanı asanlıqla məğlub edib. Turnirin ilk günündə Namiq Sevdimovun (55 kq) da uğurunu nəzərə alsaq, Azərbaycan güləşçiləri Martinidə hələlik 4 medal və 4 lisenziya qazanıblar. Bu gün yığmamızın sonuncu üzvü Əli İsayev (120 kq) qüvvəsini sınayacaq.
0