Azərbaycan ağırlıqqaldırma yığması Avropa çempionatında 3-cü yeri tutub
21.04.2008 - 10:37
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Linyano şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, 34 ölkədən 160 atletin mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 3-cü yeri tutub. Yığmamızın 7 üzvü - Zülfüqar Süleymanov, Sərdar Həsənov (hər ikisi 62 kq), Əfqan Bayramov (69 kq), Namiq Cəmilov (77 kq), İntiqam Zairov (85 kq), Əlibəy Səmədov və Rövşən Fətullayev (hər ikisi 94 kq) ölkəmizə 422 xal qazandırıb. Milli komandamızın aparıcı üzvlərindən sayılan Turan Mirzəyevə gəlincə, təkanla qaldırma zamanı cəhdləri uğursuz alındığından xal əldə etməyib. Beləliklə, yekunda 3-cü pillədə qərarlaşan Azərbaycan yalnız Rusiya (598 xal) və Fransadan (451 xal) geri qalıb. Vahid Nəzərovun rəhbərlik etdiyi kollektiv hətta Avropa çempionatında bir neçə medala sahib çıxmış Ermənistanı da qabaqlayıb. Buna düşmən ölkənin təmsilçilərinin yüngül çəkidən fərqli, ağır çəkilərdə uğursuzluq yaşamaları səbəb olub.
Qeyd edək ki, qitə çempionatında ağırlıqqaldıranlarımızdan Z.Süleymanovla T.Mirzəyev “kiçik” bürünc medallarla kifayətləniblər.
Qeyd edək ki, qitə çempionatında ağırlıqqaldıranlarımızdan Z.Süleymanovla T.Mirzəyev “kiçik” bürünc medallarla kifayətləniblər.
0
0