Pekin olimpiadasında Azərbaycan nümayəndə heyətinin tərkibi 200 nəfərədək olacaq
24.04.2008 - 14:19
Bakı. Elşən Məmmədov-APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətinin tərkibi 200 nəfərədək olacaq. Bu haqda «APA-Sport» agentliyinə olimpiadada Azərbaycanın şef-de-missionu, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov məlumat verib. Onun sözlərinə görə, artıq nümayəndə heyətinin akkreditasiya prosesi yekunlaşıb və bu barədə Pekin olimpiadasının təşkilat komitəsinə məlumat verilib. Akkreditasiya vərəqələrində indiyədək Olimpiya Oyunlarına vəsiqəni təmin etmiş və hələ şansları qalan idmançıların, onların məşqçilərinin təmsil olunduqları federasiyaların rəsmilərinin və digər nümayəndələrin adları göstərilib. İ.Mədətov, həmçinin iyunun sonlarınadək olimpiadanın startınadək nümayəndə heyətinin tərkibinə tam aydınlıq gələcəyini vurğulayıb: “Hələlik olimpiya təsnifat yarışları tam yekunlaşmadığından, nümayəndə heyətimizin tərkibində azalmaların baş verəcəyi istisna deyil. İyunda bütün lisenziyalı yarışlar başa çatacaq və yekun siyahını olimpiadanın təşkilat komitəsinə təqdim edəcəyik”.
0
0