Azərbaycanlı avarçəkənlər “Don reqatası”nda Ermənistan idmançılarını qabaqlayıblar
25.04.2008 - 12:13
Azərbaycanlı avarçəkənlər “Don reqatası”nda Ermənistan idmançılarını qabaqlayıblar
Rostov. Elşən Məmmədov-APA-Sport. Rusiyanın Rostov şəhərində keçirilən akademik avarçəkmə üzrə beynəlxalq “Don reqatası”na yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Rusiyanın 19 şəhər və vilayətinin kollektivi, eləcə də Azərbaycan və Ermənistanın yığmaları mübarizə aparıblar. Komandamızın heyətində yer alan 11 avarçəkən bir nəfərlik və iki nəfərlik qayıqlarda çıxış edıb. Birnəfərlik qayıqlarda Dostməmməd Dostməmmədov və Toğrul Qurbanzadə, iki nəfərlik qayıqlarda isə Kamran Yusubov - Fərman Əliyev dueti seçmə mərhələni adlaya bilməyib. Əvəzində, bir nəfərlik qayıqlarda Cavid Əfəndiyev həm gənclərin, həm də böyüklərin yarışında final mərhələsinə vəsiqə qazanıb. Finalda seçmə mərhələnin yekununa əsasən, ilk “12-lik”də qərarlaşanlar A (1-6-cı yerlər) və B (7-12-ci yerlər) qruplarında bacarıqlarını nümayiş etdiriblər. Gənclər arasında A qrupuna yüksələn C.Əfəndiyev yekunda 4-cü pilləni tutub. İki nəfərlik qayıqlarda gənclərdən Timur Kutseba - Aleksandr Qlotov cütü seçmə mərhələdə 7-ci yeri tutaraq, B qrupunda çıxış etmək hüququna yiyələnib. Nəticədə bu cütlük 10-cu olub. Eyni yaş kateqoriyasında Aleksandr Jdanov - Əbdülrəşid Mustafin cütü 12-ci yerlə kifayətlənib. Böyüklərin mübarizəsində Kamal Məmmədov - Fikrət Məmmədov cütü 10-cu, Toğrul Qurbanzadə - Cavid Əfəndiyev dueti isə 11-ci yeri tutub. Avarçəkənlərimiz Ermənistan təmsilçiləri, dünya çempionatının iştirakçıları Sarkis Karabaktyan - Makar Sarkisyan cütünü arxada qoyublar. Düşmən ölkənin avarçəkənləri böyüklər arasında 12-ci pillədə qərarlaşıblar.
0