Rəşad Əhmədov Pekin olimpiadasına hazırlığın ilk mərhələsinə başlayır
25.04.2008 - 13:23
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış yeganə taekvondoçusu Rəşad Əhmədov bu mötəbər yarışın hazırlığına başlayır. Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, olimpiadaya hazırlıq məqsədilə bu gün ilk təlim-məşq toplanışı start götürür. R.Əhmədov dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramov və Avropa çempionu Elnur Amanovla birgə Gəncə Olimpiya Kompleksində hazırlaşacaq. Mayın 10-dək davam edəcək təlim-məşq toplanışının gedişində Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev də idmançılarla olacaq. Yay Olimpiya Oyunlarına xüsusi proqramla hazırlaşacaq R.Əhmədov mayın ikinci yarısında Bakıda və ya rayonların birində təlim-məşq keçəcək. Bu səbəbdən 26 yaşlı taekvondoçu gələn ayın sonlarında baş tutacaq açıq Azərbaycan çempionatını buraxacaq. İyunda isə Gəncə Olimpiya Kompleksindəki heyət - F.Musayev, Ə.İmaməliyev, R.Əhmədov, T.Bayramov və E.Amanovun Koreyaya yollanması planlaşdırılıb. Bundan başqa, olimpiadaya qatılacaq taekvondoçmuzun iştirakı ilə hazırlıq prosesinin son mərhələsi iyulda ölkəmizdə olacaq.
Qeyd edək ki, Afina Yay Olimpiya Oyunlarında da qüvvəsini sınamış R.Əhmədov 5-ci yeri tutmuşdu.
Qeyd edək ki, Afina Yay Olimpiya Oyunlarında da qüvvəsini sınamış R.Əhmədov 5-ci yeri tutmuşdu.
0
0