Şəhriyar Məmmədyarov: ”Şahmat futbol, tennis deyil ki, azarkeşlərin güclü dəstəyini hiss edəsən”
25.04.2008 - 17:54
Şəhriyar Məmmədyarov: ”Şahmat futbol, tennis deyil ki, azarkeşlərin güclü dəstəyini hiss edəsən”
Bakı. Anar Cəfərsoy - APA-Sport. “Şəhriyar güclü şahmatçıdır. Debütdə səhvə yol verdim və bunun oyuna təsiri oldu. Lakin, tədricən vəziyyəti bərabərləşdirə bildim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri mətbuat konfransında Qran-Pri turnirinin 5-ci turu çərçivəsində Şəhriyar Məmmədyarovla heç-heçə edən Vüqar Həşimov söyləyib. V.Həşimov, həmçinin nəticədən razı qaldığını bildirib. Ş.Məmmədyarov isə bilərəkdən xal bölgüsünə razılaşmadıqlarını xüsusi qeyd edib: “Vüqarın keçirdiyi görüşləri nəzərdən keçirmişdim. Bu səbəbdən necə oynayacağımı bilirdim. Güzəştdən söhbət gedə bilməz. İdmanda sağlam rəqabət olmalıdır. Sabah komandamızın digər üzvü Teymur Rəcəbovla oynayacağam və qalib gəlmək üçün bütün qüvvəmi sərf edəcəyəm”. Ş.Məmmədyarov turnirdəki çıxışından razı qalmadığını da vurğulayıb: “İnarkiyevlə oyunda məğlub olmağımın səbəbi risk etməyim idi. Onunla heç-heçə oynamaq çətin deyildi. Ancaq qələbə qazanmaq üçün riskə üstünlük verdim və uduzdum. İnarkiyevin reytinqə görə turnirin 12-ci şahmatçısı olması kimsəni aldatmasın. O, səviyyəli oyun göstərir”. 23 yaşlı beynəlxalq qrossmeyster doğma divarlar amilinin önəmli rol oynamadığını da deyib: ”Şahmat futbol, tennis deyil ki, azarkeşlərin güclü dəstəyini hiss edəsən. Turnirin reytinq favoriti Maqnus Karlsenlə oyunda rəqibimə heç bir şans vermədən asanlıqla qalib gəldim. Hələlik 5 tur arxada qalıb və uğurlu çıxış edəcəyimə inanıram”.
0