Azərbaycan cüdoçuları Superkuboka Qubada hazırlaşacaqlar
01.05.2008 - 13:55
Azərbaycan cüdoçuları Superkuboka Qubada hazırlaşacaqlar
Bakı. Aqşin Əliyev - APA-Sport. Cüdo üzrə Azərbaycan milli komandası Rusiyanın Kislovodsk şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Ağayar Axundzadə məlumat verib. Onun sözlərinə görə, 10 günlük təlim-məşq idmançıların müalicə alması üçün təşkil edilib: “Kislovodskda yığma üzvləri müxtəlif üsullarla müalicə olunurdular. Həmçinin, onlar ardıcıl yarışlar zamanı yaranmış yorğunluğu aradan götürmək üçün istirahət etdilər”. Təlim-məşq toplanışına Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış cüdoçular Ramil Qasımov, Elnur Məmmədli, Mehman Əzizov, Elxan Məmmədov, Mövlud Mirəliyev, Kifayət Qasımova, eləcə də Ramilə Usubova qatılıblar. Baş məşqçi bildirib ki, növbəti hazırlıq mərhələsi mayın 4-dən 20-dək Quba Olimpiya Kompleksində olacaq. Bu təlim-məşq toplanışının ardından cüdoçularımız mayın 24-25-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək super kateqoriyalı Dünya Kubokunda qüvvələrini sınayacaqlar.
0