Futzal üzrə Azərbaycan kubokunun püşkü mayın 5-də atılacaq
01.05.2008 - 16:36
Futzal üzrə Azərbaycan kubokunun püşkü mayın 5-də atılacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Futzal üzrə Azərbaycan kuboku uğrunda yarışın püşkü mayın 5-də atılacaq. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Ənvər Qafarov məlumat verib. Federasiya rəsmisi bildirib ki, sayca 14-cü dəfə keçiriləcək ölkə kubokunda həm güclülər dəstəsində, həm də həvəskar liqasında mübarizə aparan komandalar yarışacaqlar. Reqlamentə əsasən, 8 kollektiv iki qrupda bir dövrəli sistem üzrə çıxış edəcək. Qrupda ilk iki pillədə qərarlaşan klublar yarımfinala vəsiqə qazanacaqlar. Ə.Qafarov ölkə kuboku uğrunda yarışın yubanmasının də səbəbini açıqlayıb: “Hər il ölkə kuboku sentyabr-may aralığında keçirilirdi. Bu dəfəki yubanmanın isə obyektiv və subyektiv səbəbləri var. Bir sıra klubların futzalçıları 21 yaşlılardan ibarət milli komandanın və çimərlik futbolu yığmasının heyətində müxtəlif turnirlərdə iştirak ediblər. Bununla bərabər, bəzən Bakı İdman Sarayında boş yer tapmaq da mümkün olmurdu”.
Qeyd edək ki, son üç ildə Azərbaycan kubokuna Naxçıvanın “Araz” klubu sahib çıxıb.
0