“Zenit” tarixində ilk dəfə UEFA kubokunun finalına yüksəlib
02.05.2008 - 10:29
“Zenit” tarixində ilk dəfə UEFA kubokunun finalına yüksəlib
Elşən Məmmədov-APA-Sport. UEFA kubokunun finalçıları müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiyanın “Zenit” klubu tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb. Sankt-peterburqlular yarımfinal mərhələsinin cavab görüşündə “Bavariya” (Almaniya) komandasını mübarizədən kənarlaşdırıblar. Bir həftə öncə Münhendə keçirilmiş ilk matç 1:1 hesabı ilə nəticələndiyindən, “Zenit”ə öz meydanında istənilən hesablı qələbə sərfəli idi. Baş məşqçi Dik Advokatın yetirmələri bu vəzifənin öhdəsindən artıqlaması ilə gələrək, Almaniyanın ən titullu komandasının qapısından 4 cavabsız top keçiriblər. Sonuncu dəfə “Bavariya” Avropa kuboklarında bu qədər top fərqi ilə 1990/91 mövsümünün 1/16 finalında “Kopenhagen” (Danimarka) klubuna uduzub. Rusiya çempionunun həlledici görüşdə rəqibi “Reyncers” (Şotlandiya) olacaq. Qlazqolular yarımfinalda penaltilər seriyasında İtaliyanın “Fiorentina” klubunu mübarizədən kənarlaşdırıb. Florensiya şəhərində keçirilən təkrar yarımfinal matçında əsas və əlavə vaxt Qlazqodakı ilk qarşılaşmada olduğu kimi, qolsuz bərabərliklə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Şotlandiya vitse-çempionu da tarixində ilk dəfə UEFA kubokunun finalına vəsiqə qazanıb. İndiyədək “Reyncers” hazırda mövcud olmayan Kuboklar Kubokunda cəmi 3 dəfə həlledici oyunun iştirakçısı olub. Həmin turnirdə Qlazqo təmsilçisi “Fiorentina” ilə 1960-61 və “Bavariya” ilə 1966-67 mövsümlərinin final matçından məğlub ayrılsa da, 1971-72 mövsümünün həlledici görüşündə məhz Rusiya təmsilçisi - Moskva “Dinamo”suna qalib gəlib. Mayın 14-də İngiltərənin Mançester şəhərindəki “Mançester Siti” stadionunda təşkil olunacaq final matçında “Zenit” “Reyncers”i yenməyi bacarsa, UEFA kubokunu qazanan ikinci Rusiya klubu olacaq. Belə ki, 2004-2005 mövsümündə Moskvanın MOİK komandası bu turniri qələbə ilə başa vurub.

“Fiorentina” (İtaliya) – “Reyncers” (Şotlandiya) - 0:0 (penaltilərlə – 2:4)
İlk oyun – 0:0
Qırmızı vərəqə: Kuzin, 109

“Zenit” (Rusiya) – “Bavariya” (Almaniya) – 4:0
Poqrebnyak, 4, 73, Zıryanov, 39, Fayzulin, 39, Fayzulin, 54

Qeyd edək ki, final görüşündə UEFA kubokunun bombardiri Pavel Poqrebnyak çıxış etməyəcək. Turnirdə 11 dəfə fərqlənən “Zenit”in hücumçusu “Bavariya” ilə cavab görüşündə ikinci sarı vərəqəni alaraq, cəzalı duruma düşüb.
0