Azərbaycan sambo yığması Avropa çempionatından 11 bürünc medalla qayıdır
02.05.2008 - 10:53
Azərbaycan sambo yığması Avropa çempionatından 11 bürünc medalla qayıdır
Bakı. Elşən Məmmədov-APA-Sport. Gürcüstanın paytaxtı Tiflisdə kişi və qadınlar arasında keçirilən idman və döyüş sambosu üzrə Avropa çempionatı başa çatıb. «APA-Sport» agentliyinin məlumatına görə, sonuncu yarış günündə döyüş samboçuları mübarizə aparıblar. Sambonun bu növündə Azərbaycanın ilk dəfə təmsil olunduğu yarışda 5 idmançımız mübarizə aparıb və onların hamısı bürünc medal qazanıblar. Belə ki, Rəşid Fərziyev (57 kq), Qasım Rəcəbov (62 kq), Mobil Hüseynov (68 kq), Elxan İbişov (74 kq) və Yasin Həsənov (90 kq) 3-cü yeri tutublar.
İdman sambosu növündə isə daha 6 pəhləvanımız – İslam Qasımov (52 kq), Tərlan Kərimov (62 kq), Emin Həsənov (68 kq), Araz Muxtarov (74 kq), Zaur Paşayev (82 kq) və Anar Əliyev (100 kq) bürünc medala sahib çıxıb. Beləliklə, yığmamız qonşu ölkədə keçirilən qitə birinciliyini 11 bürünc medalla başa vurub.
0