Serbiyaya yollanacaq Azərbaycan güləş yığmasının ilkin heyəti müəyyənləşib
05.05.2008 - 14:49
Serbiyaya yollanacaq Azərbaycan güləş yığmasının ilkin heyəti müəyyənləşib
Bakı. Elşən Məmmədov - APA-Sport. Mayın 23-də Serbiyanın Novi Sad şəhərində start götürəcək yunan-Roma güləşi üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II təsnifat turnirinə yollanacaq Azərbaycan milli komandasının ilkin heyəti müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasına göndərilən siyahıda 5 idmançı yer alıb. Baş məşqçi Elçin Cəfərov heyətə Vitali Rəhimov (60 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq), Denis Mişin (96 kq) və Anton Botevi (120) daxil edib. 48 ölkə idmançılarının 3 gün mübarizə aparacağı yarışda hər çəkidə ilk üç yeri tutan pəhləvanlar Pekin Olimpiadasına qatılacaqlar.
Qeyd edək ki, bundan öncə idmançılarımız 9-11 may aralığında İtaliyanın paytaxtı Romada təşkil olunacaq I təsnifat turnirində eyni çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Romada öz çəkisində mükafat qazanacaq pəhləvanımız olimpiadada iştirak hüququna yiyələnəcək və Novi Sad turnirində döşək üzərinə çıxmayacaq.
0