Elçin Cəfərov: “Sağlam olduğu vaxt özünü göstərə bilməyən rusiyalı legioner zədəli halda yığmamıza nə xeyir verəcək?”
05.05.2008 - 16:19
Elçin Cəfərov: “Sağlam olduğu vaxt özünü göstərə bilməyən rusiyalı legioner zədəli halda yığmamıza nə xeyir verəcək?”
Baş məşqçi bildirib ki, idmançılarımızdan Vitali Rəhimov (60 kq) və İlqar Abdulovun (74 kq) zədələri hələ tam sağalmayıb. Lakin E.Cəfərov bundan narahat olmadığını söyləyib: “Yunan-Roma güləşi zədə ehtimalı daha böyük olan idman növüdür. Fərid Mansurov dünya, Rövşən Bayramov isə Avropa çempionu olarkən tam formada deyildilər. Vitali bu yaxınlarda Türkiyədə yenidən onurğa sütunundan əməliyyat olunub. Əvvəlcə onu Romaya aparmaq istəmirdik. Amma əvəzedicisi Tale İsrafilovun da məşqlərdə zədələnməsi səbəbindən fikrimizi dəyişdik. Bundan başqa, İlqarın da ağrıları var. Lakin böyük təcrübəyə malik olduğunu nəzərə aldığımızdan onu turnirə yollanacaq heyətə daxil etmişik”. 96 kq çəki dərəcəsində Denis Mişini zədəli olduğu üçün Aydın Səfərovla əvəz etdiyini deyən E.Cəfərov vurğulayıb ki, bu qərarın qəbulunda rusiyalı legionerin Avropa çempionatında zəif təsir bağışlaması da rol oynayıb: “Mişin məşq zamanı qolundan zədələnib. Sağlam olduğu vaxt özünü göstərə bilməyən rusiyalı güləşçi zədəli halda yığmamıza nə xeyir verəcək?” O, heyətdə yer alan legionerlər – turnirə Gürcüstanda öz həmyerliləri ilə birgə hazırlaşan Şalva Qadabadze (84 kq) və Anton Botevin (120 kq) də Pekin Olimpiadasına lisenziya qazanacaqlarına ümid edir. Romada hər çəkidə medalçılar sırasına düşəcək güləşçilər Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər.
Baş məşqçi Elçin Cəfərov özü isə İtaliyaya yollanmayıb. Çalışdırıcı olimpiya və dünya çempionu Fərid Mansurov, eləcə də Avropa çempionu Rövşən Bayramovun Pekin Yay Olimpiya Oyunlarına hazırlıq prosesinə diqqət yetirmək məqsədi ilə Bakıda qaldığını bildirib: “Romaya mən də getsəydim, Fərid və Rövşənlə təxminən 10 gün məşğul ola bilməyəcəkdim. Onların şəxsi məşqçiləri Əliqulu Həsənoğlu və İlham Vəzirov uzun müddətdir yetirmələrinə diqqət ayırmırlar. 2002-ci ildən yığmanın baş məşqçisiyəm. Amma adını çəkdiyim məşqçiləri nə Fəridlə Rövşənin hazırlıq prosesində iştirak edən, nə də onların vəziyyətləri ilə maraqlanan görmüşəm. Əliqulu Həsənoğlu ilə İlham Vəzirovun işi-gücü maaş vaxtı kassaya gəlib, pullarını almaqdan ibarətdir”.
Qeyd edək ki, pəhləvanlarımızı Roma turnirinə məşqçilər Bəhram Mürvətov və Akif Əliyev hazırlaşdıracaq.
0