Azərbaycan milli komandası Zaqatalada təlim-məşq toplanışı keçəcək
06.05.2008 - 11:18
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın qadın güləşi üzrə yığması Zaqatalaya təlim-məşq toplanışına yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə milli komandamızın baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, mayın 15-də Zaqatala Olimpiya Kompleksində başlanacaq hazırlıq prosesinin ilk günlərində Zümrüd Qurbanhacıyeva (72 kq) iştirak etməyəcək. Belə ki, Z.Qurbanhacıyeva mayın 16-da Kanadanın Edmonton şəhərində start götürəcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının I təsnifat turnirində qüvvəsini sınayacaq. Qadın güləşində olimpiadaya vəsiqəni təmin etməyən yeganə idmançımız bu vəzifənin öhdəsindən gəlmək üçün iki günlük mübarizənin yekununda öz çəkisində dörd mükafatçı sırasına düşməlidir. Ötən il Bakıda keçirilmiş dünya çempionatında 55 kq çəki dərəcəsində olimpiadaya lisenziya qazanan Yuliya Radkeviç də toplanışdan kənarda qalacaq. N.Əlicanov bildirib ki, uzun müddətli xəstəlik nəticəsində formadan düşən belaruslu pəhləvan Yay Olimpiya Oyunlarına da qatıla bilməyəcək. Artıq Pekinə yollanacağı rəsmiləşən yığmamızın ukraynalı legionerləri Mariya Stadnik (48 kq), Alyona Komarova (55 kq) və Olesya Zamula (63 kq) isə istirahətlərini başa vuraraq, hazırlıq prosesinə qoşulacaqlar. Təlim-məşq toplanışı mayın 30-da yekunlaşacaq.
0
0