Vahid Məmmədov: “Namiq Abdullayevin güləşməsinə imkan verməyəcəyəm”
13.05.2008 - 14:03
Vahid Məmmədov: “Namiq Abdullayevin güləşməsinə imkan verməyəcəyəm”
Bu səbəbdən, N.Abdullayev döşək üzərinə çıxmasa belə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına fəxri qonaq qismində yollanacaq: “Namiq Pekin Olimpiadasından sonra karyerasını bitirəcək. Bitirmək istəməsə belə, onun güləşməsinə özüm imkan verməyəcəyəm. Abdullayev istəyir ki, sonuncu dəfə öz möhürünü vuraraq, böyük idmandan ayrılsın. Bu səbəbdən, qarşıdakı Olimpiadada çıxış etmək niyyətindədir”. V.Məmmədov bildirib ki, bir çox çəki dərəcələrində Pekin Olimpiadasına hansı pəhləvanımızın yollanacağı bilinsə də, 55 kq çəkidə ölkəmizi kimin təmsil edəcəyinə hələ aydınlıq gəlməyib: “27-29 iyunda Bakıda Qızıl Qran-Pri turnirinin final mərhələsi keçiriləcək. Həmin yarışda 55 kq çəkidə həm Sevdimov, həm də Abdullayev sınaqdan çıxarılacaq. Kim uğurla çıxış etsə, o da Pekinə aparılacaq”. N.Sevdimovun indiyədək çıxış etdiyi 4 Avropa çempionatında heç bir nəticə göstərmədiyini deyən mütəxəssis Azərbaycan çempionatında N.Abdullayevi qabaqladığı üçün Avropa çempionatından sonrakı ilk lisenziya turnirinə aparıldığını vurğulayıb: “Sevdimovun hətta mənə qohumluğu da çatır. Lisenziya turnirində ona verilən şansdan yararlana bilməsəydi, sonuncu yarışa Abdullayev aparılacaqdı. Amma təcrübə göstərir ki, 20 yaşınadək Avropa və dünya çempionatlarında özünü göstərməyən idmançı sonrakı yaş dövrlərində uğur qazana bilməz. Abdullayev isə artıq 3 dəfə qatıldığı Olimpiadalarda qızıl və gümüş medallara sahib çıxıb”. Məşqçinin sözlərinə görə, 37 yaşlı pəhləvanımız Qızıl Qran-Pri turnirinin finalınadək fərdi proqram üzərində işləyəcək və millimizin Rusiya və Türkiyədə keçirəcəyi təlim-məşq toplantılarından heç birinə qatılmayacaq. Bu, millimizin baş məşqçisi Maqomedxan Aratsilovun razılığı əsasında reallaşacaq: “Abdullayevin təcrübəsi və göstərdiyi nailiyyətlər onun fərdi proqram əsasında çalışmasına imkan verir. Aratsilovu 30 ildən çoxdur tanıyıram. Yaxşı münasibətlərimiz var. Guya baş məşqçi ilə aralarında problemin yarandığı üçün Abdullayevin yığmamızın üzvləri ilə birgə hazırlaşmadığı haqda söz-söhbətlər həqiqətə uyğun deyil”. V.Məmmədov yetirməsinin son illər zəif çıxışına da aydınlıq gətirib. Onun sözlərinə görə, burada psixoloji və zədə amillərinin böyük rolu olub: “Namiq Abdullayev 2004-cü il Afina Olimpiadası öncəsi atasını itirərkən, böyük psixoloji zərbə aldı. Bu səbəbdən, həmin Olimpiadada uğurla çıxış edə bilmədi. İki il öncə Avropa çempionatında gümüş, dünya çempionatında bürünc medala sahib çıxdı. Lakin ötənilki dünya çempionatı öncəsi əlinin sınması onun yarışda çıxışına da mənfi təsirini göstərdi. Amma indi arzuolunan formasına qovuşmaq üçün səylə çalışır”.
0