Azərbaycan cüdo yığmasının Rusiyada keçiriləcək Superkuboka qatılacaq heyəti açıqlanıb
13.05.2008 - 15:36
Azərbaycan cüdo yığmasının Rusiyada keçiriləcək Superkuboka qatılacaq heyəti açıqlanıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq cüdo üzrə super kateqoriyalı Dünya Kubokunda mübarizə aparacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Milli komandanın baş məşqçisi Ağayar Axundzadənin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışda ölkəmizi 8 idmançı təmsil edəcək. Kişilərin turnirində Ramil Qasımov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Mehman Əzizov, Elxan Məmmədov (hər ikisi 90 kq) və Mövlud Mirəliyev (100 kq) tatami üzərinə çıxacaqlar. A.Axundzadə bəzi idmançıların başqa çəkilərdə çıxış etmələrinin səbəbini belə izah edib: “Bildiyiniz kimi, əvvəlki yarışlarda Elnur Məmmədli 73 kq, Mehman Əzizov isə 81 kq çəki dərəcəsində güləşirdi. Cüdoçular hər dəfə çəki salanda çətinlik çəkirlər, yorulurlar. Buna görə də çəki salmamaları üçün onların Moskvada digər kateqoriyada iştirak etmələrini məqsədəuyğun saydıq”. Mayın 23-də start götürəcək Superkubokda Avropa çempionatının bürünc mükafatçısı Kifayət Qasımovanın 57 kq-da deyil, Ramilə Usubova ilə birgə 63 kq-da yarışacağı gözlənilir. Turnirin son günündə, yəni mayın 25-də yığmalar arasında Avropa çempionatı baş tutacaq. Ancaq Azərbaycan tam heyət formalaşmadığı üçün qitə birinciliyindən imtina edib. Avropa çempionatının ümumi mükafat fondu 100 min ABŞ dollarına bərabərdir.
0