Azərbaycanın güllə atıcıları Çexiyada keçirilən Qran-Pridə uğursuzluğa düçar olublar
15.05.2008 - 10:35
Azərbaycanın güllə atıcıları Çexiyada keçirilən Qran-Pridə uğursuzluğa düçar olublar
Bakı. Aqşin Əliyev - APA-Sport. Çexiyanın Pljen şəhərində kişi və qadınlar arasında güllə atıcılığı üzrə Qran-Pri turniri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanı Nigar Bağırova və Ruslan Lunyov təmsil ediblər. Hər iki idmançımız zəif nəticə göstərdiyindən final mərhələsinə yüksələ bilməyərək, medalsız qalıb. 10 metrlik məsafədən pnevmatik tapança ilə hədəfə atəş aşan N.Bağırova 371 xalla 44-cü yeri tutub. Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı 25 metrlik məsafədən atəş açarkən, nəticəsini qismən yaxşılaşdırıb. O, 561 xal toplayaraq, 40-cı pillədə qərarlaşıb. Üç müxtəlif kateqoriyada qüvvəsini sınayan R.Lunyov da təsnifat mərhələsini adlamağı bacarmayıb. O, 10 metrlik məsafədən atəş zamanı 572 xalla 38-ci sırada qalıb. 19 yaşlı idmançı sonrakı yarışlarda 26-cı (25 metrlik məsafə, 545 xal) və 72-ci (50 metrlik məsafə, 521 xal) yerə sahib çıxıb.
Qeyd edək ki, güllə atıcılığı turnirlərində medallar uğrunda mübarizə aparmaq üçün təsnifat mərhələsində ilk “səkkizliy”ə düşmək vacibdir.
0