Eduard Məmmədov dünya çempionatından ciddi zədə ilə qayıdıb
15.05.2008 - 15:02
Bakı. Elşən Məmmədov-APA-Sport. Kiprin Limasol şəhərində 8-ci dəfə dünya çempionu olan Azərbaycan kikboksçusu Eduard Məmmədov Bakıya ciddi zədə ilə qayıdıb. Bu haqda «APA-Sport» agentliyinə E.Məmmədovun özü məlumat verib. Onun sözlərinə görə, yarımfinal görüşü zamanı burnu sınıb. Bununla belə, 60 kq çəkidə yarışan idmançı döyüşü sonadək keçirərək, qələbəyə nail olub. Finalda isə onun rəqibi digər həmyerlimiz Elnur Dəryagir olub: “Dəryagirlə az öncə keçirilən ölkə çempionatının finalında da qarşılaşmışdım. Həmin vaxt hakimlərin savadsızlığı və ciddi səhvləri üzündən qələbə rəqibə verilmişdi. Amma Limasol şəhərində beynəlxalq dərəcəli hakimlərin idarə etdiyi qarşılaşmada Elnuru məğlub etdim”. E.Məmmədov bildirib ki, burnundakı ağrıların keçməsi üçün on günədək vaxt lazım gələcək. Bundan sonra isə o, əməliyyat olunacaq. İdmançılarımız arasında ilk dəfə 8 qat dünya çempionu tituluna yiyələnən kikboksçumuz, həmçinin hələ karyerasını başa vurmaq haqda düşünmədiyini vurğulayıb.
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- AMADA nümayəndələri beynəlxalq vebinarda iştirak ediblər
- Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması Asiya Kubokunda qızıl medal qazanıb
- Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026-da Azərbaycanın bayraqdarları olacaq
0
0