Beynəlxalq ekspert Uve Valter: “Bakı kənardan böyük idman şəhəri kimi görünmür”
16.05.2008 - 18:08
Bakı. Elşən Məmmədov-APA-Sport. Bu gün “Park İnn” otelində təşkil edilən “Azərbaycanda idman və ətraf mühit: İdman qurğularının planlaşdırılması və istifadəsində ekologiya məsələləri” mövzusunda beynəlxalq konfransla əlaqədar mətbuat konfransı keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə yanaşı, beynəlxalq ekspertlər də qatılıblar. İ.İsmayılov ilk dəfə keçirilən tədbirin əhəmiyyətindən danışaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürdüyünü vurğulayıb. O, bildirib ki, Olimpiya kəndinin və əsas obyektlərinin tikintisinin nəzərdə tutulduğu Bakı şəhərinin Bibiheybət qəsəbəsi yaxın illərdə neft tullantılarından təmizlənərək, yaşıllığa çevriləcək. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hələ X əsrdə ərəb tarixçisi İbn Əl-Əsirin yazdığı kitabda Bibiheybətin adının çəkildiyini vurğulayıb. Ç.Hüseynzadənin sözlərinə görə, həmin kitabda Bibiheybətdə insanların yanacaq kimi istifadə etdiyi mayenin olduğu yazılıb. Sonradan həmin ərazidə neft çıxarılmasına başlandığını xatırladan MOK rəsmisi Bibiheybətdə dünyanın ən böyük neft mədənlərindən birinin yerləşdiyini vurğulayıb: “Bütün dünyada 50 il öncə neft quyularının qazılmasına başlanılıbsa, Bibiheybətdən 150 ildir ki, neft çıxarılır. Ona görə də hazırda 150 il ərzində dəymiş ziyanın aradan qaldırılmasından söhbət gedir”. Strateji məsləhətçi Andreas Abold Bakı şəhərinin Xəzər dənizi sahilində yerləşməklə, çox cəlbedici coğrafi mövqeyə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, neft mədənindən Olimpiya kəndinə transformasiya edilməsi nəzərdə tutulan Bibiheybətdə ətraf mühitlə bağlı problemlər var: “Konfrans zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanda məşhur olan “Sağlam bədəndə sağlam ruh olar” məsəlini xatırlatdı. Mən isə demək istərdim ki, sağlam ruh sağlam bədənin sağlam mühitdə yerləşdiyi halda mümkün ola bilər. Bakı şəhərinin 2016-cı il Olimpiadasını təşkil edib-etməməsindən asılı olmayaraq, Bibiheybətdə görüləcək işlər paytaxtınızın inkişafına böyük təkan verəcək”. Beynəlxalq ekspert, “Yaşıl qol: 2006-cı ildə Almaniyada keçirilmiş futbol üzrə dünya çempionatının ekoloji konsepsiyası”nın müəllifi Hartmut Stahl Bibiheybət mədənlərinin Olimpiya şəhərciyinə transformasiyasının baş tutacağı halda, Azərbaycana böyük fayda verəcəyini vurğulayıb. “Bibiheybət Konsepsiyası – neft mədənindən ekoloji idman parkına” məruzəsini hazırlayan Pol Baader neft mədəninin Olimpiya parkına çevrilməsinin çox iddialı vəzifə olduğunu və böyük maliyyə vəsaiti tələb etdiyini söyləyib. Digər ekspert Uve Valter isə Bakının kənardan çox böyük idman şəhəri kimi görünmədiyini etiraf edib. Bununla belə, o, ölkə rəhbərliyinin idman sahəsində inkişaf əldə etmək üçün böyük istəyinin olduğunu açıqlayıb. U.Valter bildirib ki, 2004-cü il Yay Olimpiya Oyunlarından 8 il öncə Yunanıstanın paytaxtı Afinada da xeyli ekoloji problem olub.
F.Əliyev təmsil etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Şirkəti səviyyəsində Bibiheybətdə təmizlik işlərinə başlandığını vurğulayıb. Ç.Hüseynzadə isə həmin zonada Olimpiya kəndinin nə vaxt salınmasına iyunun 4-də Bakı şəhərinin 2016-cı il Olimpiadası uğrunda mübarizədə ikinci mərhələyə keçib-keçməyəcəyi məlum olduqdan sonra aydınlıq gələcəyini açıqlayıb.
F.Əliyev təmsil etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Şirkəti səviyyəsində Bibiheybətdə təmizlik işlərinə başlandığını vurğulayıb. Ç.Hüseynzadə isə həmin zonada Olimpiya kəndinin nə vaxt salınmasına iyunun 4-də Bakı şəhərinin 2016-cı il Olimpiadası uğrunda mübarizədə ikinci mərhələyə keçib-keçməyəcəyi məlum olduqdan sonra aydınlıq gələcəyini açıqlayıb.
0
0