Seyhun Ağayev Bakıda keçirilən Avropa çempionatının gümüş mükafatçısı olub
19.05.2008 - 10:18
Seyhun Ağayev Bakıda keçirilən Avropa çempionatının gümüş mükafatçısı olub
Bakı. Kənan Həsənov - APA-Sport. Bakı Olimpiya Kompleksində bilyard üzrə VII Avropa çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışda çıxış edən təmsilçilərimizdən yalnız Seyhun Ağayev fəxri kürsüyə yüksəlməyi bacarıb. Finalda rusiyalı Yuri Paşinskiyə məğlub olan həmyerlimiz gümüş medal qazanıb.
Üçüncü yeri Daniil Boquşevski (Rusiya) və Aleksandr Palamar (Ukrayna) tutub. Digər bilyardçılarımız Seymur Məmmədov, Azər Hacıyev, Rauf Mustafayev, Aqşin Ələsgərov və Yəhya Məmmədov mükafatçılar sırasında yer ala bilməyiblər.
Qadınlar arasında qalib adını finalda Yelena Bunosu (Belarus) məğlub edən Alyona Rusakova (Ukrayna) qazanıb. Janna Şmataçenko (Ukrayna) ilə Anastasiya Luppova (Rusiya) üçüncü olub.
Qeyd edək ki, 15000 ABŞ dolları mükafat fondu olan Avropa çempionatında 10 ölkə təmsilçiləri mübarizə aparıb.
0