Azərbaycanın güllə atıcısı Dünya Kubokunda 100-cü yeri tutub
19.05.2008 - 10:22
Azərbaycanın güllə atıcısı Dünya Kubokunda 100-cü yeri tutub
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu dəfəki yarışda Azərbaycanı gənc idmançılar təmsil edirlər. Ölkəmizin ən titullu güllə atıcısı İradə Aşumovanın yoxluğunda yığmanın məşqçiləri Nigar Bağırova, Ruslan Lunyov, Şükürağa Eyvazov və Mehriban Məcidovaya ümid bağlayıblar. Ancaq həmyerlilərimizdən ən birinci mübarizəyə qoşulan M.Məcidova etimadı doğrultmayıb. Belə ki, 10 metrlikdən məsafədən pnevmatik tüfənglə hədəfə atəş açan xanım idmançımız 382 xalla təsnifat mərhələsini 100-cü pillədə başa vurub. Nəticədə o, ilk “səkkizliy”ə düşə bilmədiyindən təsnifat mərhələsini adlamağı bacarmayıb. Eyni zamanda, N.Bağırova da mübarizəni erkən dayandırıb. Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı 558 xal toplayaraq, 55-ci yeri tutub. Onun final mərhələsinə vəsiqə qazanmasına 23 xal çatmayıb. Digər güllə atıcılarımız qarşıdakı günlərdə qüvvələrini sınayacaqlar.
0