Sadiq Gözəlov: “Ramal Amanov məsuliyyətdən yaxa qurtarmaq üçün ona işgəncələr verilməsi barədə uydurmalar söyləyib”
20.05.2008 - 18:53
Sadiq Gözəlov: “Ramal Amanov məsuliyyətdən yaxa qurtarmaq üçün ona işgəncələr verilməsi barədə uydurmalar söyləyib”
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov boks üzrə Azərbaycan milli komandasının sabiq üzvü, Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərovun nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanması, istintaqın gedişi ilə bağlı APA-nın suallarını cavablandırıb.
- Vüqar Ələkbərovun saxlanması nə ilə bağlıdır?
- Kənan Quliyev adlı iş adamı mayın 16-da Vüqar Ələkbərov adlı şəxsin ondan 10 min ABŞ dolları tələb etməsi, bu pulu verməkdən imtina etdikdə isə onu və sürücüsü İldırım Mirzəyevi fiziki təzyiqə məruz qoyması, “Toyota-Prado” markalı avtomaşınını əlindən alması barədə ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət edib. Keçirilmiş əməliyyat tədbiri zamanı Vüqar Ələkbərov Kənan Quliyevdən tələb etdiyi 10 min ABŞ dollarını alarkən yaxalanıb. Həmin vaxt onun yanında 2 nəfər tanışı – Ramal Amanov və Mətləb Bədəlov da olub. Vüqar Ələkbərovun üzərinə baxış keçirilərkən onun üstündən Kənan Quliyevə məxsus avtomaşının açarları və iş adamının ona verdiyi 10 min ABŞ dolları aşkar edilib. Vüqar Ələkbərov Kənan Quliyevin avtomaşınını harada saxladığını da göstərib. Avtomaşın sahibinə qaytarılıb. Onu da qeyd edim ki, Ramal Amanov və Mətləb Bədəlov sonradan sərbəst buraxılıblar.
- Vüqar Ələkbərovla saxlanılan, sonradan sərbəst buraxılan Azərbaycanın boks üzrə milli komandasının üzvü Ramal Amanov ona idarədə işgəncələr verildiyini iddia edib...
- Bu, “qara məni basınca, mən qaranı basım” dan başqa bir şey deyil. Sadəcə, məsuliyyətdən yaxa qurtarmaq üçün bu məsələ uydurulub. Bu şəxslər əməliyyat zamanı polis əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər. Buna baxmayaraq, polis əməkdaşları onları saxlayıb. Ümumiyyətlə, həmin idarədə, Daxili İşlər Nazirliyi sistemində kimlərəsə zor tətbiq olunması barədə yayılan söz-söhbətlərin heç bir əsası yoxdur. Belə hallar əvvəllər tək-tək hallarda baş verə bilərdi. Amma nazirliyin rəhbərliyi, şəxsən cənab nazir Ramil Usubov bu kimi halların aradan qaldırılması ilə bağlı öz qəti mövqeyini bildirib. Həmin halları törədən polis əməkdaşları haqqında ciddi ölçü götürülüb.
- İdmançıların saxlanması geniş əks-səda doğurub. Sizcə, bu, nə ilə bağlıdır?
- Mən təəssüf edirəm ki, ayrı-ayrı qüvvələr bu məsələdən öz maraqları üçün istifadə etməyə çalışır, bunu siyasiləşdirməyə cəhd edirlər. Bununla da qəsdən ictimai narazılıq yaratmaq məqsədi güdürlər. Onları müdafiə edənlər görünür, ölkəni yenidən 90-cı illərin əvvəllərinə, kriminal avtoritetlərin, “idmançılar”ın kriminal mübahisələrdə iştirak etdikləri, meydan suladıqları dövrə qaytarmaq istəyirlər. Amma bu mümkün deyil. Ölkədə cənab prezidentin rəhbərliyi altında sabitlik yaradılıb və onun dönməzliyi təmin olunub. Unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir, hər bir kəs qulluq, mövqeyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, qanun qarşısında bərabərdir. Bu bərabərlik isə digər prinsiplərlə yanaşı, həm də təqsirə görə məsuliyyət prinsipinə əsaslanır. Məhz bu baxımdan istintaq Vüqar Ələkbərovun törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə hüquqi qiymət verib.
Bəziləri daxili işlər orqanları ilə idmançıları üz-üzə qoymağa cəhd edirlər, iddia edirlər ki, bizim idmançılara qarşı münasibətimiz mənfidir. Unutmaq lazım deyil ki, Vüqar Ələkbərovun bürünc medal qazandığı Sidney Yay Olimpiya Oyunlarının hər iki qızıl medalçısı – Namiq Abdullayev və Zemfira Meftahəddinova daxili işlər orqanlarının əməkdaşlarıdır. Bu gün əməkdaşlarımız arasında Azərbaycanın idman şərəfini qoruyan, onun adını uca tutan xeyli sayda dünya şöhrətli idmançı var. Yenə də təkrar edirəm ki, hər bir kəs qulluq mövqeyindən, əvvəlki xidmətlərindən asılı olmayaraq, qanun qarşısında bərabərdir.
- Vüqar Ələkbərovun cinayət xarakterli hansısa digər əməlləri barədə istintaqda məlumatlar varmı?
- Vüqar Ələkbərov Kənan Quliyevdən müxtəlif vaxtlarda cinayətkar aləmdə nüfuza malik olan müəyyən şəxslərə yardım göstərmək adı ilə bir dəfə 1500 ABŞ dolları, bir dəfə isə 3500 ABŞ dolları məbləğində hədə-qorxu ilə pul alıb. O, pulu alarkən “qardaşlarımız içəridədir, onlara yardım göstərmək lazımdır, sən bu pulu verməlisən” deyib. Vətəndaş Kənan Quliyev istintaqa verdiyi ifadəsində bunu təsdiq edib. Eyni zamanda o da məlum olub ki, Vüqar Ələkbərov ayrı-ayrı cəzaçəkmə müəssisələrində cəza çəkən kriminal avtoritetlərlə daim sıx əlaqə saxlayıb. O, Rusiya Federasiyasında bir sıra kriminal mübahisələrin həllində də iştirak edib. Hazırda bütün bu məsələlərlə bağlı istintaq araşdırmaları davam edir.
0