Azərbaycan cüdoçuları Dünya Kubokuna buraxılmayıblar
23.05.2008 - 09:59
Azərbaycan cüdoçuları Dünya Kubokuna buraxılmayıblar
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Rusiyanın paytaxtı Moskvada cüdo üzrə super kateqoriyalı Dünya Kuboku başlanır. “APA-Sport” agentliyinin məlumatına görə, 26 ölkədən 202 idmançının mübarizəyə aparacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaqlar. Öncə ölkəmizin Superkubokda 9 cüdoçu ilə təmsil olunması nəzərdə tutulsa da, qeyri-müəyyən səbəbdən Ramil Qasımovla Ramilə Usubova turnirə buraxılmayıblar. Ehtimal olunur ki, məşqçi korpusunun zədədən qorumaq məqsədilə adıçəkilən cüdoçulara istirahət verib. Superkubokun ilk günündə 63 kq çəki dərəcəsində Kifayət Qasımova və Gözəl Zutova güləşəcəklər. Avropa çempionatının bürünc mükafatçısı K.Qasımova braziliyalı Danielli Yuri Barbosanı sınağa çəkəcək. Həmyerlimiz qələbə qazanacağı təqdirdə, 1/4 finalda Emmanuel Paye (Fransa) - Anastasiya Beloivanova (Rusiya) cütünün qalibi ilə görüşəcək. G.Zutova isə ilk mərhələdə belçikalı Katrien Verheke ilə qarşılaşacaq.
Digər cüdoçularımız sabah mübarizəyə qoşulacaqlar. Dünya çempionatının gümüş medalçısı Elnur Məmmədli 81 kq çəki dərəcəsində yerli Əlibəy Başkayev, Elxan Rəcəbli isə yaponiyalı Hirotaka Katonu üstələməyə çalışacaq. Mehman Əzizov (90 kq) Herv Fişotla (Fransa) üz-üzə gələcək. Eyni çəki dərəcəsində yarışan Avropanın vitse-çempionu Elxan Məmmədovun bəxtinə rusiyalı Kamil Məhəmmədov düşüb. Milli komandamızın veteranlarından sayılan Mövlud Mirəliyev (100 kq) isə Yaroslav Ritko (Ukrayna) ilə güləşəcək. Moskvanın “Meqasfera” idman zalında təşkil olunan Superkubok sabah yekunlaşacaq.
0