Nicat Şıxəlizadə Azərbaycan sambo yığmasına cəlb olunub
23.05.2008 - 12:32
Nicat Şıxəlizadə Azərbaycan sambo yığmasına cəlb olunub
Bakı. Elşən Məmmədov-APA-Sport. Orqanizmindən istifadə qadağan olunmuş dərman preparatı tapıldığı üçün beynəlxalq yarışlardan kənarlaşdırılan Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə sambo yığmamıza cəlb edilib. Bu haqda “APA-Sport” agentliyinə sambo üzrə milli komandamızın baş məşqçisi Mübariz İbrahimov məlumat verib. Onun sözlərinə görə, N.Şıxəlizadə Rusiyanın paytaxtı Moskvada keçiriləcək Anatoli Xarlampiyevin xatirəsinə Dünya kubokunun mərhələ yarışında çıxış edəcək. M.İbrahimov Cüdo Federasiyasının baş katibi Zair Məmmədov və cüdo millimizin baş məşqçisi Ağayar Axundzadə ilə məsləhətləşdikdən sonra belə qərara gəldiyini söyləyib: “Nicatı çoxdan perspektivli idmançı kimi tanıyıram. 2002-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən yeniyetmələr arasında MDB və Baltikyanı ölkələrin İdman Oyunlarında Şıxəlizadə samboçu kimi 45 kq çəkidə qızıl medal qazanmışdı. Həmin vaxt onun cəmi 14 yaşı vardı. Hələlik Nicatın bütün cüdo yarışlarında iştirakına qadağa qoyulduğundan, ruhdan düşməməsi və formasını itirməməsi üçün sambo turnirlərinə qatılmasını qərara almışıq”.
N.Şıxəlizadə isə “APA-Sport” agentliyinə açıqlamasında cüdo yarışlarında çıxışına qeyri-müəyyən vaxt ərzində qoyulan qadağa başa çatanadək sambo turnirlərində qüvvəsini sınayacağını deyib: “Bildiyiniz kimi, cüdo yarışlarına buraxılmıram. Yığmanın baş məşqçisi Ağayar Axundzadə və digər mütəxəssislərlə məsləhətləşdikdən sonra formamı itirməmək məqsədilə sambo turnirlərində qüvvəmi sınamaq qərarına gəldim. Qeyd etməliyəm ki, beynəlxalq turnirlərdə ilk uğurumu məhz sambo növündə qazanmışam. 2002-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən yeniyetmələr arasında MDB və Baltikyanı ölkələrin İdman Oyunlarında birinci yeri tutmuşam. Sambo qeyri-olimpiya növü olduğundan, bütün yarışlara qatılmağıma heç bir qadağa qoyulmayacaq”. 20 yaşlı idmançımız cəza müddətinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra açıqlanacağını vurğulayıb.
İyunun 7-də start götürəcək Dünya kubokunun mərhələ yarışına, həmçinin İslam Qasımov, Elçin Mayılov (hər ikisi 57 kq) və Anar Əliyev (100 kq) aparılacaq. Turnir iki gün davam edəcək.
0