Namiq Əliyev: “Pekin Olimpiadasına lisenziyanın İspaniya yığmasından alınıb Azərbaycana veriləcəyi istisna deyil”
23.05.2008 - 16:47
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) vitse-prezidenti Namiq Əliyev deyib. Onun bildirdiyinə görə, bu il aprelin 12-dən 20-dək Respublika Otüstü Hokkey Kompleksində qadınlardan ibarət yığmalar arasında keçirilmiş lisenziya xarakterli yarış yüksək səviyyədə təşkil olunub: “Əgər ispaniyalıların turnirlə əlaqədar hər hansısa şikayəti var idisə və onlar narahat olmuşdularsa, Beynəlxalq Otüstü Hokkey Federasiyasının nümayəndələrinə müraciət edə bilərdilər. Fikrimcə, İspaniya tərəfi dopinq qalmaqalı üzə çıxdıqdan sonra belə əsassız iddialar irəli sürüb”. AzHF rəsmisi vurğulayıb ki, İspaniyanın cəzalandırılacağı və yeganə lisenziyanın Azərbaycana veriləcəyi istisna deyil: “Yarışın əsasnaməsində birmənalı şəkildə göstərilib ki, hansısa komandanın heyətində 1-dən artıq hokkeyçinin istifadəsi qadağan olunmuş dərman preparatı qəbul etməsi aşkarlanarsa, həmin yığma diskvalifikasiya edilməlidir. Bu mənada İspaniyanın cəzalandırılması mümkündür. Onu da qeyd edim ki, Beynəlxalq Otüstü Hokkey Federasiyasından bizə hələlik heç bir rəsmi məktub gəlməyib”.
Qeyd edək ki, lisenziya xarakterli turnirin finalında Azərbaycana 3:2 hesabı ilə qalib gələn İspaniya yığmasının cəzalandırılıb-cəzalandırılmayacağı mayın sonunadək müəyyənləşəcək. İspaniya diskvalifikasiyaya məruz qalarsa, milli komandamız beynəlxalq turnirin finalçısı qismində Pekin Olimpiadasına yollanacaq.

0
0