Azərbaycanın stend atıcılığı üzrə milli komandası İtaliyada keçirilən təlim-məşq toplanışını başa vurub
24.05.2008 - 12:08
Bakı. Aqşin Əliyev - APA-Sport. Stend atıcılığı üzrə Azərbaycan yığması İtaliyanın Lonato şəhərində təşkil olunan təlim-məşq toplanışını yekunlaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, iki həftəlik hazırlıq prosesini başa vuran idmançılarımız bu gün vətənə dönüblər. Təlim-məşq toplanışında Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahəddinova, eləcə də Regina Meftahəddinova, Emin Cəfərov, Nurlanə Cəfərova və Elvin İsmayılov iştirak edib. Qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyan məşqlərdə stend atıcıları baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında müxtəlif təmrinləri yerinə yetiriblər. Milli komandamızın üzvləri bir neçə gündən sonra növbəti səfərə yollanacaqlar. Belə ki, iyunun 2-də Almaniyanın Sühl şəhərində Dünya Kuboku start götürəcək. Bu turnirdə Pekin Olimpiadasına lisenziya qazanmış Zemfira Meftahəddinova və daha bir neçə idmançının iştirakı nəzərdə tutulub.
0
0