Elçin Cəfərov: “Göstərdiyimiz nəticə səviyyəsiz insanlara layiqli cavabdır”
26.05.2008 - 10:58
Bakı. Elşən Məmmədov-APA-Sport. “Pekin Olimpiadasına 7 mümkün lisenziyadan 6-nı qazanmaqla, biz qarşımıza qoyulan məqsədin 1-2 faizini yerinə yetirdik”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Elçin Cəfərov deyib. Onun sözlərinə görə, Olimpiya Oyunlarında iştirak hər bir idmançı və onun məşqçisinin arzusu olsa da, bununla kifayətlənmək olmaz. E.Cəfərov bildirib ki, əsas məqsəd 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir: “Bu səbəbdən, başda Fərid Mansurov və Rövşən Bayramov olmaqla, qarşıdakı olimpiadada çıxış edəcək bütün yetirmələrimin medal qazanması üçün birgə səylərimizi gücləndirəcəyik”. Baş məşqçi 96 kq çəkidə qazanılmayan yeganə lisenziyanı həmin kateqoriyada mübarizə aparan Denis Mişinin zədəli, Aydın Səfərovun isə təcrübəsiz olması ilə izah edib. Bununla belə, mütəxəssis əldə etdikləri vəsiqələrin sayından razı qaldığını vurğulayıb: “Əgər 2004-cü il Afina olimpiadasına cəmi 3 idmançı ilə yollanmışdıqsa, Pekinə ikiqat artıq vəsiqəyə sahib çıxmışıq. Halbuki lisenziya yarışları öncəsi yığmamızın imkanlarına şübhə ilə yanaşırdılar. Qarşımıza qoyulan məqsədin 1-2 faizinə nail olmağımız elə həmin səviyyəsiz insanlara layiqli cavabdır”.
Qeyd edək ki, Pekin olimpiadasına lisenziyalara Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq) və Anton Botev (120 kq) sahib çıxıb.
Qeyd edək ki, Pekin olimpiadasına lisenziyalara Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq) və Anton Botev (120 kq) sahib çıxıb.
0
0