Azərbaycanın güllə atıcıları Dünya Kubokunda uğursuz start götürüblər
26.05.2008 - 12:54
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Milan şəhərində kişi və qadınlar arasında güllə atıcılığı üzrə Dünya Kuboku start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, turnirdə Azərbaycanın şərəfini 4 idmançı - Ruslan Lunyov, Şükürağa Eyvazov, Nigar Bağırova və Mehriban Məcidova qoruyur. Yarışın ilk günündə həmyerlilərimiz uğursuzluğa düçar olublar. 10 metrlik məsafədən hədəfə pnevmatik tapança ilə atəş açan R.Lunyov 572 xalla 47-ci yeri tutub. Komanda yoldaşından 8 xal az toplayan Ş.Eyvazov 62-ci pillədə qərarlaşıb. Qadınların analoji yarışında isə N.Bağırova mübarizəni erkən dayandırıb. Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı 40 atəşin cəmində 380 xal topladığı üçün 26-cı olub. Final mərhələsinə vəsiqə qazanmaq üçün onun 5 xalı çatmayıb. Pnevmatik tüfənglə 10 metrlik məsafədən hədəfi nişan alan Mehriban Məcidova da medalsız qalıb. O, 390 xal yığaraq, 49-cu yerlə kifayətlənib. Güllə atıcılarımız qarşıdakı günlərdə digər proqramlarda öz bacarıqlarını nümayiş etdirəcəklər. Dünya Kubokuna mayın 29-da yekun vurulacaq.
0
0