Azərbaycan Pekin Olimpiadasının 43-cu yığma komandasıdır
27.05.2008 - 09:40
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın olimpiya növləri üzrə yığma komandaları 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatlarında cəmi 4 medal qazanıblar. “APA-Sport” agentliyinin məlumatına görə, idmançılarımızın aktivində olan 1 qızıl, 1 gümüş və 2 bürünc medal cəmi 3 növdə əldə edilib. Belə ki, 2007-ci ilin sentyabrın 17-də Bakıda keçirilən dünya çempionatında yunan-Roma güləşçimiz Fərid Mansurov (66 kq) qızıl, sərbəst güləşçimiz Çamsulvara Çamsulvarayev (74 kq) isə bürünc medala sahib çıxıb. Elə həmin il sentyabrın 15-də cüdoçumuz Elnur Məmmədli (73 kq) Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən mundialda gümüş medala layiq görülüb. Bundan bir ay sonra boksçumuz Samir Məmmədov (51 kq) ABŞ-ın Çikaqo şəhərində təşkil olunan dünya çempionatında bürünc medal qazanıb. Bu nəticələrlə Azərbaycan medal qazanan 83 ölkə arasında İsveçrə ilə birgə 43-44-cü yerləri bölüşdürür. I pillədə 46 qızıl, 25 gümüş və 29 bürünc medala malik ABŞ qərarlaşıb. Çin II (41, 26, 27), Rusiya III (32, 30, 27) yeri tutur.
0
0