Turan Mirzəyev: “Məni də olimpiadaya aparmayıb, bəs kimə şans verəcəklər?”
27.05.2008 - 16:37
Turan Mirzəyev: “Məni də olimpiadaya aparmayıb, bəs kimə şans verəcəklər?”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında ağır atletika üzrə Azərbaycan milli komandasının üzvü Turan Mirzəyev deyib. Mayın 24-25-də keçirilən “Federasiya” kubokundakı çıxışını qiymətləndirən 29 yaşlı idmançı bildirib ki, zəif nəticə göstərməsinin obyektiv səbəbi var: “Avropa çempionatından qayıtdıqdan sonra bir müddət dincəlmək istəyirdim. Yəni, “Federasiya” kubokuna qatılmaq niyyətində deyildim. Bu yarışa hazırlaşmamışdım, məşq etməmişdim. Əgər turnirdə var qüvvəmlə çıxış etsəydim, özümə gəlməyim üçün bir ay vaxt lazım olacaqdı. Çiyin nahiyəmdəki zədə də maneçilik törətdi. Nəticədə birdən qaldırmada cəhdlərim uğursuz oldu”. Hələlik Pekin Olimpiadasına aparılacaq heyətə düşməyən dünya çempionatının bürünc mükafatçısı buna görə narahat olmadığını söyləyib. O, yığmada vakant üç yerdən birinin ona veriləcəyinə inamını ifadə edib: “Bütün fikrimi olimpiadaya yönəltmişəm. Qarşıdakı mötəbər yarışa aparılacağıma tam əminəm. Məni də olimpiadaya aparmayıb, bəs kimə şans verəcəklər?”
Qeyd edək ki, baş məşqçi Vahid Nəzərov Yay Olimpiya Oyunlarına Nizami Paşayev və Əfqan Bayramovun yollanacağını bildirib. Milli komandamızın heyətində olimpiadaya aparılacaq qalan üç atletin adı isə yaxın bir ay ərzində açıqlanacaq.
0