Azərbaycanın güllə atıcıları İtaliyada keçirilən Dünya Kubokundan əliboş dönürlər
29.05.2008 - 17:48
Azərbaycanın güllə atıcıları İtaliyada keçirilən Dünya Kubokundan əliboş dönürlər
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Milan şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, bir həftə davam edən yarışda Azərbaycanın 4 idmançısı Ruslan Lunyov, Şükürağa Eyvazov, Nigar Bağırova və Mehriban Məcidova qüvvəsini sınayıblar. Həmyerlilərimizdən sonuncu mübarizəyə qoşulan R.Lunyov da medalsız qalıb. 19 yaşlı güllə atıcısı 50 metrlik məsafədən hədəfə kiçikçaplı tapança ilə atəş açmada 539 xalla 52-ci olub. Final mərhələsinə adlamaq üçün onun 27 xalı çatmayıb. Öncə R.Lunyov 47-ci yerlə kifayətlənmişdi (10 metr, pnevmatik tapança). Analoji yarışda Şükürağa Eyvazov 62-ci, Nigar Bağırova isə 26-cı pillədə qərarlaşmışdı. Bundan başqa, N.Bağırova kiçikçaplı tapançadan atəş açmada da uğursuzluq yaşamışdı - 561 xal; 54-cü sıra. Dünya Kubokuna qatılan yeganə tüfəng atıcımız Mehriban Məcidova isə 49-cu yeri tutaraq, mükafatçılar sırasına düşməyi bacarmamışdı.
Qeyd edək ki, ölkəmizin ən titullu güllə atıcısı İradə Aşumova Pekin Olimpiadasına lisenziya qazana bilmədiyindən Milana aparılmamışdı.
0