Azərbaycan güləşçiləri “Qızıl Qran-Pri” turnirinə Şamaxıda hazırlaşacaq
29.05.2008 - 17:48
Azərbaycan güləşçiləri “Qızıl Qran-Pri” turnirinə Şamaxıda hazırlaşacaq
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə yığma komandası növbəti təlim-məşq toplantısını Şamaxı Olimpiya Kompleksində keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, iyunun 10-da başlanacaq hazırlıq prosesinə Olimpiya çempionu Namiq Abdullayev də qatılacaq: “Yığmamızın 12 üzvü mayın 17-dən Rusiyanın Vladiqafqaz şəhərində osetiyalı pəhləvanlarla birgə məşq edir. Onlar iyunun 3-də Bakıya qayıdacaqlar. Bundan bir həftə sonra güləşçilərimiz daha geniş tərkibdə Şamaxıya yola düşəcəklər. Son toplanışlarda yığma ilə birgə olmayan və fərdi proqram üzrə hazırlaşan Abdullayev də onların arasında olacaq”. Hazırlıq prosesi iki həftə davam edəcək. Bundan sonra aparıcı güləşçilərimiz Bakıda start götürəcək “Qızıl Qran-Pri” turnirinin finalında çıxış edəcəklər.
0