Azərbaycanın kayak və kanoe üzrə yığma komandası Dünya Kubokunun hər üç mərhələ yarışına qatılacaq
30.05.2008 - 10:34
Azərbaycanın kayak və kanoe üzrə yığma komandası Dünya Kubokunun hər üç mərhələ yarışına qatılacaq
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yığma komandası Dünya Kubokunun mərhələ yarışlarında mübarizə aparacaq. “APA-Sport” agentliyinin məlumatına görə, millimiz Avropanın üç ölkəsində keçiriləcək nüfuzlu turnirlərdə çıxış etmək üçün bu gün bir aylıq səfərə çıxıb. Baş məşqçi Vasili Kovbanovski və Azərbaycan Milli Avarçəkmə Federasiyası prezidentinin məsləhətçisi Valeri Dosenkonun rəhbərlik etdiyi heyətdə 4 idmançı yer alıb. Belə ki, Fikrət Zeynalovla Elmar Məmmədov kayak, Aleksandr Kasatkinlə Valentin Demyanenko isə kanoe qayıqlarında qüvvələrini sınayacaqlar. Yığmamız əvvəlcə Dünya Kubokunun I mərhələsinin keçiriləcəyi Macarıstanın Zeqed şəhərinə yollanıb. 5 – 7 iyunda təşkil olunacaq yarışda kayak və kanoeçilərimiz həm bir nəfərlik (K-1, C-1), həm də iki nəfərlik (K-2, C-2) qayıqlarda çıxış edəcəklər. Dünya Kubokunun II mərhələsi 13 – 15 iyunda Almaniyanın Duysburq şəhərində baş tutacaq. Həmin turnirdə kayakçılarımız həm bir nəfərlik (K-1), həm də iki nəfərlik (K-2), kanoeçilərimiz isə yalnız iki nəfərlik (C-2) qayıqlarda mübarizə aparacaqlar. 27 – 29 iyunda Polşanın Poznan şəhərində keçiriləcək Dünya Kubokunun III mərhələsində də avarçəkənlərimiz eyni kateqoriyalı qayıqlarda (K-1, K-2, C-2) çıxış edəcəklər. Hər bir yarış öncəsi idmançılarımız müxtəlif ölkələrin yığmaları ilə birgə təlim-məşq toplantısı keçirəcək.
0