Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 4 illik diskvalifikasiya edilib
30.05.2008 - 12:18
Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 4 illik diskvalifikasiya edilib
F.Ələkbərov vurğulayıb ki, cüdoçunun cəza müddətinin azaldılması üçün müvafiq tədbirlər görülməkdədir: “Nicat ikinci dəfə dopinq testində ilişdiyindən ömürlük cəzalandırıla bilərdi. Lakin Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə danışıqlardan sonra idmançımızın dörd illiyə bütün yarışlardan kənarda qalması barədə qərarın çıxarılmasına nail olduq. Bu müddətin azaldılaraq, iki ilə salınmasına çalışırıq”. ACF prezidenti N.Şıxəlizadənin xoşagəlməz halla üzləşməsində onun məşqçisi Nağı Babayevi günahlandırıb: “Ən böyük günah cüdoçunun məşqçisindədir. Çünki hər bir məşqçi öz yetirməsinin qidalanmasına da nəzarət etməlidir”. Eyni zamanda, F.Ələkbərov 19 yaşlı cüdoçuya mənəvi dayaq olub: “Nicat bundan sonra məşqləri daha da intensivləşdirilməlidir. Öncə adını çəkmək istəmədiyim bir cüdoçu dedi-qodulara, söz-söhbətlərə uyaraq, bu idman növünü atmışdı. Halbuki Avropa çempionatlarında fəxrimiz idi, ona böyük ümidlər bəsləyirdik. Bəs sonra nə oldu? İdmançı öz-özünə ziyan etdi. İnanıram ki, Şıxəlizadə onun hərəkətlərini təkrar etməyəcək. Nicatın növbəti olimpiadada mübarizə aparmaq şansı böyükdür”.
Qeyd edək ki, ötən ilin yayında orqanizmində istifadəsi qadağan olunmuş fulosemid aşkarlandıqdan sonra dünya çempionatının bürünc mükafatçısı N.Şıxəlizadə daxili və beynəlxalq yarışlara buraxılmayıb.
0