Şalva Qadabadze və Anton Botev Azərbaycan yığmasından ayrılıblar
30.05.2008 - 13:27
Şalva Qadabadze və Anton Botev Azərbaycan yığmasından ayrılıblar
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası sabah Nabran istirahət zonasına təlim-məşq toplantısına yollanacaq. Bu haqda «APA-Sport» agentliyinə yığmamızın baş məşqçisi Elçin Cəfərov məlumat verib. Onun sözlərinə görə, hazırlıq prosesinə 16 pəhləvan cəlb olunub. Onların arasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanan 6 idmançıdan 4-ü – Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq) və İlqar Abdulov (74 kq) yer alacaq. Daha iki lisenziyanın sahibi – gürcüstanlı Şalva Qadabadze (84 kq) və rusiyalı Anton Botev (120 kq) isə öz vətənlərinə yollanıblar. Ş.Qadabadze Gürcüstan milli komandası ilə, A.Botev isə Rusiyanın Omsk şəhərində vaxtilə məşğul olduğu «Dinamo» cəmiyyətində yerli pəhləvanlarla birgə hazırlaşacaq. E.Cəfərov səbəb kimi yuxarı çəkilərdə çıxış edən hər iki legionerə yerli «klassik»lər arasında layiqli rəqib olmamasını göstərib. Olimpiya İdman Liseyinin bazasında keçiriləcək toplanışa 15-20 iyulda Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq Avropa çempionatına hazırlaşan bir neçə gənc güləşçi də qatılacaq. İyunun 11-dək davam edəcək məşğələlərdə yığma üzvləri fiziki hazırlıq üzərində çalışacaqlar.
0