Zümrüd Qurbanhacıyeva Pekin Olimpiadasına lisenziya qazana bilməyib
02.06.2008 - 10:04
Zümrüd Qurbanhacıyeva Pekin Olimpiadasına lisenziya qazana bilməyib
Haparanda. Elşən Məmmədov-APA-Sport. İsveçin Haparanda şəhərində keçirilən qadın güləşi üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II təsnifat turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanı 72 kq çəki dərəcəsində təmsil edən yeganə güləşçi Zümrüd Qurbanhacıyeva 7-ci yeri tutaraq, Pekin Olimpiadasına vəsiqə qazana bilməyib. Pəhləvanımız mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Narançimeq Jeleqyamts (Monqolustan) olub. Həmyerlimiz gərgin mübarizə şəraitində keçən görüşü qələbə ilə başa vurub. Lakin Z.Qurbanhacıyeva növbəti cəhddə Yarasmit Veffer Quanipaya (Venesuela) uduzub. Cənubi amerikalı güləşçiyə finaladək irəliləmək qismət olmayıb. Yarımfinalda onun qarşısını Amaraçi Obiayunva (Nigeriya) kəsib. Bununla da Z.Qurbanhacıyevanın təsəlliverici görüşlərə qatılmaq şansları puça çıxıb. Qalib adını isə məhz afrikalı pəhləvan qazanıb.
Qeyd edək ki, turnirdə hər çəkidə ilk “üçlüy”ə düşən idmançılar Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Ümumilikdə ölkəmiz Pekin Olimpiadasında 4 mümkün çəkidən 3-də təmsil olunacaq. Həmin lisenziyalara ötən il Bakıda təşkil olunmuş dünya çempionatında Mariya Stadnik (48 kq), Yuliya Radkeviç (55 kq) və Olesya Zamula (63 kq) sahib çıxıb.
0