Azərbaycan yığması Afrikaya təlim-məşq toplantısına dəvət edilib
02.06.2008 - 10:39
Azərbaycan yığması Afrikaya təlim-məşq toplantısına dəvət edilib
Bakı. Elşən Məmmədov-APA-Sport. “Xanım güləşçilərimizin Pekin Olimpiadasına qazandığı lisenziyaların sayı məni qane edir”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın qadın güləşi üzrə yığma komandasının baş məşqçisi Nazim Əlicanov deyib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 4 mümkün çəkidən 3-də təmsil olunacaqlarını xatırladan N.Əlicanovun sözlərinə görə, çox az sayda ölkə bütün vəsiqələrə sahib çıxıb: “Cəmi 7 ölkə – Kanada, Çin, Qazaxıstan, Rusiya, Ukrayna, Yaponiya və ABŞ-ın qarşıdakı olimpiadada bütün çəkilərdə təmsilçiləri olacaq. Pekinə biz də tam heyətlə yollana bilərdik. Sadəcə, İsveçin Haparanda şəhərində başa çatan sonuncu lisenziya turnirində Zümrüd Qurbanhacıyeva çıxış etdiyi 72 kq çəkidə ilk “üçlüy”ə düşə bilmədi. Həmin çəkidə Nigeriya güləşçisinin I yeri tutmasını təbii qarşıladım. Çünki hazırda Afrika ölkələrində xüsusən qadın güləşi yüksəlişdədir”. Baş məşqçi Cənubi Afrika Respublikasında Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının dəstəyi ilə Olimpiya Hazırlığı Mərkəzinin tikildiyini və orada “qara qitə”nin bütün aparıcı güləşçilərinin tanınmış avropalı mütəxəssislərin rəhbərliyi altında məşğul olduqlarını vurğulayıb. N.Əlicanov idman qurğusu rəhbərliyində qadın yığmamıza afrikalı güləşçilərlə birgə təlim-məşq toplantısı keçirmək təklifinin gəldiyini də açıqlayıb: “Lakin biz Pekin Olimpiadasına hazırlaşdığımızı bildirərək, təklifi qəbul etmədik”.
0