Azərbaycan yığmasının heyətində Pekin Olimpiadasına lisenziya qazanan 16 güləşçidən 10-u legionerdir
02.06.2008 - 11:29
Azərbaycan yığmasının heyətində Pekin Olimpiadasına lisenziya qazanan 16 güləşçidən 10-u legionerdir
Bu, ölkəmizin güləş tarixi ərzində rekord göstəricidir. Belə ki, müstəqillik illərində 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2004-cü il Afina Yay Olimpiya Oyunlarına yalnız sərbəst və yunan-Roma güləşçilərimiz qatılıblar. Atlantaya 6 sərbəst və 2 yunan-Roma, Sidneyə 6 sərbəst və 3 yunan-Roma, Afinaya isə 5 sərbəst və 3 yunan-Roma güləşçimiz yollanıb. Pekin Olimpiadasında isə ilk dəfə qadın güləşçilərimiz də mübarizə aparacaqlar. Üstəlik, ölkəmiz sərbəst güləş növündə bütün 7 mümkün çəki dərəcəsində təmsil olunacaq. Yunan-Roma güləşində 6, qadın güləşində isə 3 idmançımız Pekinə yollanmaq hüququna yiyələnib. Yunan-Roma növündə yalnız 96, qadınların mübarizəsində isə 72 kq çəkidə idmançımız yer almayacaq. Lakin Yay Olimpiya Oyunlarına vəsiqələrə sahib çıxan 16 pəhləvanımızın yarıdan çoxu – 10 nəfəri legionerdir. Belə ki, lisenziya qazanan sərbəst güləşçilərimiz arasında yalnız Namiq Sevdimov (55 kq) və Emin Əzizov (66 kq) yerli idmançılardır. Zəlimxan Hüseynov (66 kq) milliyyətcə çeçen, Çamsulvara Çamsulvarayev (74 kq) və Əli İsayev (120 kq) dağıstanlı, Novruz Temrezov (84 kq) qaraçay-çərkəz, Xetaq Qazyumov (96 kq) isə osetiyalıdır. Yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq) və İlqar Abdulov (74 kq) yerli, Şalva Qadabadze (84 kq) milliyyətcə gürcü, Anton Botev (120 kq) rusdur. Qadın güləşçilərimizin hər üçü legionerdir. Belə ki, Mariya Stadnik (48 kq) ukraynalı, Yuliya Radkeviç (55 kq) belaruslu, Olesya Zamula (63 kq) latviyalıdır.
0