Namiq Hüseynov: “Qısa müddət ərzində kamandan oxatma növündə inqilab etmək qeyri-mümkündür”
03.06.2008 - 11:28
Namiq Hüseynov: “Qısa müddət ərzində kamandan oxatma növündə inqilab etmək qeyri-mümkündür”
Bakı. Aqşin Əliyev - APA-Sport. “Milli komandamızın üzvləri beynəlxalq yarışlarda öz ustalıq səviyyələrinə uyğun nəticə göstərirlər. Onlar psixoloji səddi aşa bilmədiklərindən mükafatçılar arasına düşməyə çətinlik çəkirlər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Namiq Hüseynov deyib. Mayın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində keçirilən Dünya Kubokunda idmançılarımızın çıxışını qiymətləndirən N.Hüseynov nəticədən razı qalmadığını vurğulayıb: “Ən çox ümid bəslədiyimiz Emil Akçurin və Svetlana Simonova Bakıda yaxşı təsir bağışlayırdılar. Onlar orta hesabla 630-640 xal toplamağa qadir idilər. Lakin Dünya Kubokunda etimadları doğrultmadılar. Buna yad amillərin, məsələn, güclü küləyin maneçilik törətdiyini demək olardı. Ancaq belə səbəblərlə bəraət qazanmağı düzgün saymıram. Külək digər ölkələrin təmsilçilərinin də nəticələrinə mənfi təsir göstərə bilərdi”. Vitse-prezident vəziyyətin tezliklə müsbətə doğru dəyişəcəyinə ümidvar olduğunu söyləyib: “Federasiya rəhbərliyi ötən ilin oktyabrında dəyişib. Qısa müddət ərzində kamanda oxatma növündə inqilab etmək qeyri-mümkündür. Rəhbərlik dəyişdikdən sonra maddi-texniki baza yaxşılaşıb, imkanlar genişlənib. Bu, yaxın gələcəkdə idmançılarımız yüksək nəticələr qazanacaqlarına stimul verir”.
Qeyd edək ki, son Dünya Kubokunda Emil Akçurin 105-ci, Roman Vengerov 112-ci, Səidə Orucova 94-cü, Svetlana Simonova isə 95-ci yeri tutub.
0