Azərbaycan güləşçiləri Böyük Britaniya Kubokuna qatılmaqdan imtina ediblər
04.06.2008 - 10:57
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın qadın güləşi üzrə yığma komandasının İngiltərənin Şeffild şəhərinə səfəri baş tutmayacaq. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, iyunun 7-də start götürəcək Böyük Britaniya Kubokuna qatılmaqdan imtinaya səbəb diqqəti yığma üzvlərinin qarşıdakı məsul yarışlara daha ciddi hazırlığına yönəltmək olub. Şeffildə 3 idmançımız - Alyona Komarova (55 kq), Olesya Zamula və Elvira Mürsəlovanın (hər ikisi 63 kq) aparılması nəzərdə tutulmuşdu. Lakin Güləş Federasiyasının rəhbərliyi 27-29 iyunda Bakıda keçiriləcək «Qızıl Qran Pri» turnirinin final mərhələsi və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına çox az vaxtın qaldığını səbəb gətirərək, Böyük Britaniya Kubokunda iştirakı məqsədəuyğun saymayıb. Əvəzində güləşçilərimiz Quba Olimpiya Kompleksində təlim-məşq toplantısı keçirəcək. İyunun 13-də başlayacaq toplanışa Türkiyə və Qazaxıstan yığmaları da qatılacaqlar. İki həftə davam edəcək hazırlıq prosesində N.Əlicanov 12 güləşçinin xidmətindən yararlanacaq.
0
0