Azərbaycan ağırlıqqaldıranları dünya çempionatına qatılmaqdan imtina ediblər
05.06.2008 - 12:23
Azərbaycan ağırlıqqaldıranları dünya çempionatına qatılmaqdan imtina ediblər
Bakı Aqşin Əliyev - APA-Sport. Azərbaycanın gənclərdən ibarət ağır atletika üzrə milli komandası iyunun 15-dən 21-dək Kolumbiyanın Kali şəhərində keçiriləcək dünya çempionatına qatılmaqdan imtina edib. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Vahid Nəzərov məlumat verib. Onun sözlərinə görə, gənc atletlərin qarşıdakı yarışda çıxış etməmələrinin obyektiv və subyektiv səbəbləri var: “Əvvəla, təlim-məşq toplanışı keçməmişdik. Bu səbəbdən milli komandanın heyəti müəyyənləşdirilməmişdi. Həm də nəzərə almaq lazımdır ki, Kolumbiya çox uzaqda olduğundan yol problemi də var”. V.Nəzərov Pekin Yay Olimpiya Oyunları öncəsi ehtiyatlı olmağın vacibliyini vurğulayıb: “Pekin Olimpiadasına cəmi iki ay qaldığından xoşagəlməz hallarla üzləşə bilərik. Məsələn, dünya çempionatında hər hansısa atletimiz dopinq qalmaqalında ilişərsə, bu, bizə əlavə problem yaradacaqdı. Bu baxımdan Kolumbiyaya yollanmamağı və olimpiadaya hazırlığı davam etdirməyi məqsədəuyğun saydıq”. Baş məşqçi onu da əlavə edib ki, gənclərdən fərqli, yeniyetmə idmançılarımız iyulda Fransada təşkil olunacaq Avropa birinciliyində mübarizə aparacaqlar.
Qeyd edək ki, gənclərdən ibarət yığmamız son dünya çempionatında medal qazana bilməmişdi. Ötən ilin iyulunda Çexiyanın paytaxtı Praqada keçirilmiş yarışda Rövşən Fətullayev 12-ci, Rolan Piriyev 13-cü, Ziyad Durmuşov isə 20-ci yeri tutmuşdu.
0