Hakan Balta: “Ronaldodan qorxmuram”
05.06.2008 - 18:09
Hakan Balta: “Ronaldodan qorxmuram”
Bakı – APA-Sport. Futbol üzrə Türkiyə yığma komandasının sol cinah müdafiəçisi Hakan Balta iyunun 7-də Portuqaliya millisi ilə keçirəcəkləri Avropa çempionatının ilk qrup oyunu haqda danışıb. “APA-Sport” agentliyinin məlumatına görə, 25 yaşlı futbolçu çıxış edəcəyi cinahda rəqib komandanın ulduzu Kriştiano Ronaldodan qorxmadığını bildirib. H.Balta bildirib ki, Portuqaliya yığması “ay-ulduzlular”ın imkanlarını layiqincə qiymətləndirməsə, ilk turdaca acı zarafatla üzləşə bilər: “Əgər Ronaldo mənim cinahımda çıxış etməsə, orada Deku və ya Kuarejma yer alacaq. Lakin mən onların heç birindən qorxmuram. Bizim də kifayət qədər yaxşı futbolçularımız var. İstənilən komanda istənilən rəqibi məğlub edə bilər. Sonuncu qitə birinciliyində bunu Yunanıstan sübuta yetirdi. Əgər biz vahid kollektiv şəklində müdafiə olunsaq, Portuqaliya ilə matçda əlverişli nəticəyə nail ola bilərik”. A qrupunda Türkiyənin digər rəqiblərinin imkanlarını dəyərləndirən müdafiəçi İsveçrə və Çexiya ilə görüşlərin də asan keçməyəcəyini vurğulayıb: “İsveçrə turnirin təşkilatçılarından biridir, Çexiya yığması isə yarışa gözəl heyətlə gəlib. Lakin biz rəqibə hörmətlə yanaşsaq da, qorxmuruq”.
Qeyd edək ki, Türkiyə millisi 2004-cü il Avropa və 2006-cı il dünya çempionatlarında çıxış etməyib. Portuqaliya yığmasının futbolçuları isə 4 il öncə öz ölkələrində keçirilən qitə birinciliyinin açılış oyununda Yunanıstana uduzublar – 0:1.
0